REGİONLAR
Muxtar respublikada qanunvericiliyin tələbini pozan üç əcnəbi aşkarlanıb
Naxçıvan, 17 sentyabr, AZƏRTAC
Muxtar respublikada miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər avqust ayında da davam etdirilib.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublika ərazisində qanunsuz yaşayan 3 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə daxil olan 325 müraciətdən 99-u Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 226 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 49-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.