REGİONLAR


Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar

Naxçıvan, 3 dekabr, AZƏRTAC

Sosial reabilitasiya ilə bağlı tədbirlərin əhatə dairəsi genişlənir

Ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası ilə bağlı tədbirlərin əhatə dairəsi genişlənməkdə davam edir. Həyata keçirilən tədbirlər bu kateqoriyadan olan uşaqların sosiallaşmasına, sağlam həyat tərzinə, təhsilə maraqlarının artmasına, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaradır. Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlbi onların cəmiyyətə inteqrasiyasının ilkin mərhələlərindən biri hesab olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın da məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, inklüziv təhsilə keçid imkanlarının artırılması, distant təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası iyul-sentyabr aylarında diqqət mərkəzində olub və məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barədə yaradılmış məlumat bazasının yenilənməsi davam etdirilib. Hazırda muxtar respublikada bu yaş kateqoriyasına aid 272 sağlamlıq imkanları məhdud uşaq var. Həmin uşaqların hər biri dövlət qayğısı ilə əhatə olunub ki, bu da onların həyatında və inkişafında mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”.

Sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi onların sosial, estetik inkişafına, zəruri həyati bacarıqlara, milli və ümumbəşəri dəyərlərə yiyələnmələrinə şərait yaradır. Dövlət Proqramında bu məqsədlə nəzərdə tutulan tədbirin icrası üçüncü rübdə həyata keçirilib, əqli və fiziki potensialları nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələrinə 26 sağlamlıq imkanları məhdud uşaq cəlb olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində bu kateqoriyadan olan 68 uşaq qeydiyyatdadır.

Bu sosial kateqoriyadan olan uşaqların həmyaşıdları ilə birlikdə təhsilə cəlb edilməsi onların cəmiyyətə inteqrasiyasına nail olmağın başlıca şərtlərindəndir. Üçüncü rübdə sağlamlıq imkanları məhdud 31 uşaq mövcud potensialları nəzərə alınaraq ümumtəhsil müəssisələrinə cəlb edilib. Ümumilikdə, muxtar respublikada 1062 sağlamlıq imkanları məhdud uşaq ümumtəhsil məktəblərinin müvafiq siniflərində təhsilini davam etdirir.

Sağlamlıq imkanları məhdud uşaqlar təhsilə cəlb edilərkən əqli və fiziki imkanlarının müxtəlifliyi nəzərə alınır

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar təhsilə cəlb edilərkən əqli və fiziki imkanlarının müxtəlifliyi, xüsusilə nəzərə alınır. Belə ki, muxtar respublikada eşitmə və hərəkət qabiliyyəti məhdud uşaqlar üçün distant dərslər təşkil olunur, görmə qabiliyyəti məhdud uşaqlar xüsusi ibtidai məktəbə cəlb edilir. Dövlət Proqramında da bu istiqamətdə tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulub. Üçüncü rübdə Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə 4 uşaq cəlb olunub. Hazırda məktəbdə 10 sağlamlıq imkanları məhdud uşaq təhsil alır. Proqramın icrasına uyğun olaraq əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 12, eləcə də eşitmə qabiliyyəti məhdud 7 sağlamlıq imkanları məhdud uşaqla tədris prosesi davam etdirilir.

Muxtar respublikada bu sosial kateqoriyadan olan şəxslərin təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından kənarda qalmaması üçün görülən işlər davamlı xarakter alıb. Bu baxımdan ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi mühüm önəm kəsb edir. Üçüncü rübdə Dövlət Proqramının icrası istiqamətində 5 sağlamlıq imkanı məhdud uşaq peşə təhsilinə cəlb edilib.

Bütün bunlarla yanaşı, iyul-sentyabr aylarında sağlamlıq imkanları məhdud 4 uşaq bacarıq və maraqları nəzərə alınaraq məktəbdənkənar tərbiyə müəssisələrinin dərnəklərinə cəlb olunub. Hazırda bu müəssisələrdə 115 sağlamlıq imkanları məhdud uşaq qeydiyyatdadır.

Müasir informasiya texnologiyalarından istifadə edilir

Sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması Dövlət Proqramının əsas istiqamətlərindən birini təşkil edir. Bu kateqoriyadan olan uşaqların müasir dövrün texnoloji imkanlarından istifadə etməsi ilə bağlı görülən işlər onların həmyaşıdlarından geri qalmamasına və inteqrasiya imkanlarının çoxalmasına gətirib çıxarır. Üçüncü rübdə bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil edilən onlayn məşğələlərə 33 uşaq cəlb edilib.

Proqramın əhatə dairəsinə daxil olan uşaqlarla təhsilin təşkilində maddi və digər tələbatların ödənilməsi stimullaşdırıcı əhəmiyyət daşıyır. Bu məqsədlə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud uşaqların dövlət qayğısı ilə əhatə olunmasının əsas göstəricilərindəndir. Üçüncü rübdə Dövlət Proqramının icrasına uyğun olaraq tədrisə cəlb edilmiş 290 sağlamlıq imkanları məhdud uşaq məktəbli geyimi və dərs ləvazimatları ilə təmin olunub.

Sosial adaptasiya işində bədən tərbiyəsi və idmanın rolu qiymətləndirilir

Sağlamlıq imkanları məhdud uşaqların sosial adaptasiya işində bədən tərbiyəsi və idmanın rolu böyük əhəmiyyət daşıyır. İntellekt, nitq, eşitmə, görmə, hərəkət və ünsiyyət çatışmazlığı olan bu kateqoriyalı uşaqlarda istifadə edilən idman çalışmaları əqli və fiziki pozulmaların qarşısının alınmasında, uşaqların ümumi inkişafında əsaslı rol oynayır. Bütün bunlar nəzərə alınaraq sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikada fəaliyyət göstərən idman məktəblərinə cəlb edilməsi prosesi davam etdirilir. Üçüncü rübdə muxtar respublikada sağlamlıq imkanları məhdud 7 uşaq idman məktəblərinə cəlb olunub. Eyni zamanda istedadlarının aşkara çıxarılması məqsədilə iyulun 8-də sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis, avqustun 6-da dart idman növü üzrə muxtar respublika birincilikləri keçirilib. Üçüncü rübdə bu sosial kateqoriyanın nümayəndələri arasında “Vətəni tanı” və “Xəmsə” intellektual oyunları təşkil olunub. Həmçinin sağlamlıq imkanları məhdud uşaqlar arasında idmanın müxtəlif sahələri üzrə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyası 5 idman tədbiri keçirib.

Uşaqların asudə vaxtları səmərəli təşkil olunur

İdrak fəaliyyəti, nitq, davranış və şəxsiyyət problemlərinin aradan qaldırılmasında sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili müstəsna əhəmiyyət daşıyır. Üçüncü rübdə uşaqların intellektual və mənəvi inkişafı, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakının təmin edilməsinə yönələn tədbirlər davam etdirilib. Avqustun 17-də Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub, sentyabrın 2-də uşaqların Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dulusçuluq və qum sənəti dərnəklərində onlayn iştirakı təmin edilib. Sentyabr ayında sağlamlıq imkanları məhdud uşaqlar arasında “Gözəlləşən diyarım Naxçıvan” mövzusunda bilik, “Biz sülh istəyirik” adlı rəsm, “Azərbaycan Vətənimdir” başlıqlı şeir müsabiqələri keçirilib.

Dövlət Proqramında nəzərdə tutulan maarifləndirmə xarakterli tədbirlərin gerçəkləşdirilməsi cəmiyyətin diqqətini bu sosial kateqoriyanın nümayəndələrinə cəlb etməklə onların hərtərəfli qayğı ilə əhatə olunmasında əvəzolunmaz rol oynayır. Kütləvi informasiya vasitələrində maarifləndirici məlumatların verilməsi sağlamlıq imkanları məhdud uşaqlara xüsusi həssaslıqla yanaşılmasını təmin edir. İyul-sentyabr aylarında sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiyası tədbirləri ilə bağlı Naxçıvan Dövlət Televiziyasında 4 veriliş, 15 süjet efirə təqdim olunub, Naxçıvan Dövlət Radiosunda 4 veriliş hazırlanıb, “Şərq qapısı” qəzetində 9, rayon (şəhər) qəzetlərində 22 məqalə dərc edilib.

AZƏRTAC –ın Naxçıvan bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.