REGİONLAR
Muxtar respublikada sahibkarlara 24 milyon 344 min manatdan çox kredit verilib
Naxçıvan, 27 iyul, AZƏRTAC
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2022-ci ilin ilk yarım ilində muxtar respublikada sahibkarlara 24 milyon 344 min 900 manat kredit verilib. Verilmiş kreditin 11 milyon 14 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 13 milyon 330 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 6 hüquqi və 1414 fiziki şəxs qeydiyyata alınıb.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.
Bu ilin yanvar-may aylarında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqının məbləği 587,9 manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 9,6 faiz çoxdur.
Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 144 yeni iş yeri yaradılıb. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində aşpaz peşəsi üzrə 12, bərbər peşəsi üzrə 40, bərbər-manikürçü peşəsi üzrə 16, dərzi peşəsi üzrə 20, xalçaçı peşəsi üzrə 11, elektrik montyoru peşəsi üzrə 12, traktorçu-maşinist peşəsi üzrə 20, kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru peşəsi üzrə 37, qaz avadanlıqlarının təmiri və istismarı üzrə qazpaylayıcı stansiyanın operatoru peşəsi üzrə 30 nəfər olmaqla, ümumilikdə, 198 nəfər ixtisasartırma kurslarına cəlb olunub. Cari ilin birinci yarım ili ərzində 177 nəfər müdavim kursları bitirib. Hazırda aşpaz peşəsi üzrə 12 , bərbər peşəsi üzrə 20, bərbər-manikürçü peşəsi üzrə 15, xalçaçı peşəsi üzrə 11 nəfər olmaqla, ümumilikdə, 58 nəfər müdavim kursları davam etdirir.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 1972 nəfər müxtəlif peşələrə yiyələnib.