REGİONLAR
Muxtar respublikada sahibkarlıq subyektləri dövlət qayğısı ilə əhatə olunub
Naxçıvan, 24 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında əldə edilmiş iqtisadi nailiyyətlərin təməlində həm də dövlət-sahibkar münasibətlərinin düzgün istiqamətdə qurulması dayanır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində 25 aprel – Sahibkarlar Günü və “Pandemiyadan zərərçəkmiş sahibkarlıq subyektlərinin faiz borclarının subsidiyalaşdırılması” mövzularında keçirilən tədbirdə vurğulanıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri və muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər nəticəsində geniş sahibkarlar sinfinin formalaşdığını və bu təbəqənin sosial-iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq hər il keçirilən Sahibkarlar Günü də sahibkarlara göstərilən qayğının bariz nümunəsidir.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərərçəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna təqdim edilib. Artıq bu istiqamətdə 4 sahibkarlıq subyektinə subsidiya ayrılıb, digər sahibkarlıq subyektlərinin bank hesablarına mərhələli şəkildə vəsait köçürülüb. Sahibkarlara yenidən maliyyə dəstəyinin göstərilməsi barədə qərar pandemiyadan zərərçəkmiş sahibkarlıq subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sektor müdiri Azər Cəfərov bildirib ki, mövcud şəraitdə iş adamlarını maraqlandıran əsas məsələlərdən biri bazar fürsətlərinin öyrənilib qiymətləndirilməsidir. Buna konfederasiya tərəfindən bir sıra köməklik göstərilir. Pandemiya dövründə də sahibkarların hüquqlarını qoruyan, dövlət orqanları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən konfederasiya yaradılan şəraitdən maksimum istifadə olunmasına köməklik edir.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini İsa İsayev çıxışında pandemiyanın ölkə iqtisadiyyatına ziyanlı təsirlərinin minimallaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirlərində “Naxçıvanbank” ASC-nin də yaxından iştirak etdiyini deyib. O, 2020-ci ilin dünya səviyyəsində pandemiya və onunla mübarizə ilə yadda qaldığını və ötən il ərzində davamlı şəkildə dəstək tədbirlərinin həyata keçirildiyini, tədbirlərin icrası çərçivəsində bank təşəbbüsü ilə sahibkarların mövcud şəraitdə dəstəklənməsi istiqamətində bir sıra işlərin görüldüyünü vurğulayıb.
Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb.