REGİONLAR
Muxtar respublikada şahmat fənnini tədris edən müəllimlərin sertifikasiya imtahanlarına start verilib
Naxçıvan, 13 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikasiya imtahanlarına start verilib.
Muxtar respublika Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komissiyanın Test mərkəzində keçirilən sertifikasiya imtahanlarında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şahmat fənnini tədris edən 431 müəllim iştirak edəcək.
Test imtahanında iştirakçılara 40 sual təqdim edilir, sualları cavablandırmaq üçün 60 dəqiqə vaxt verilir. Test tapşırıqlarının ən azı 50 faizini (20 bal) düzgün cavablandıran şəxslər müvafiq keçid balını toplamış hesab olunur. Şahmat fənni üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilir. Bununla da sualları cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişə və monitorda imtahanın vaxtını izləyə bilirlər. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi də aparılır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara nəticəyə dair arayış təqdim edilir. Nəticələr komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.
Test imtahanları fevralın 14-dək davam edəcək.