REGİONLAR
Muxtar respublikada son 10 ildə 33 min 364 yeni iş yeri açılıb
Naxçıvan, 6 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ötən dövrdə yeni iş yerlərinin yaradılması diqqətdə saxlanılıb, 2011-ci ildən 1 iyul 2021-ci il tarixədək muxtar respublikada 33 min 364 yeni iş yeri açılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, açılmış iş yerlərinin 85,4 faizini daimi iş yerləri təşkil edib. Bu dövrdə açılmış iş yerlərinin 47,2 faizi Naxçıvan şəhərinin, 15 faizi Şərur, 11,2 faizi Babək, 7,1 faizi Ordubad, 9 faizi Culfa, 3,9 faizi Kəngərli, 4,3 faizi Şahbuz, 2,3 faizi Sədərək rayonlarının payına düşüb.
Qeyd edək ki, muxtar respublikada 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi, 2014-2015-ci və 2016-2020-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə Dövlət proqramlarının uğurlu icrası bu sahənin inkişafında təkanverici rol oynayıb. Bu tədbirlərin davamı olaraq cari ilin yanvar ayının 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olunmasına, yeni iş yerlərinin yaradılmasına və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarında real vəziyyətin təhlil edilməsinə, eyni zamanda tələbata uyğun kadr hazırlığının aparılmasına, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə yeni imkanlar yaradacaqdır.