REGİONLAR
Muxtar respublikada süni mayalandırma sahəsində uğurlu nəticələr əldə edilib
Naxçıvan, 16 fevral, AZƏRTAC
Muxtar respublikada bu günədək, ümumilikdə, 62 min 436 baş iribuynuzlu mal-qara süni mayalandırılıb, bunun nəticəsində 39 min 48 baş bala alınıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində “Süni mayalanma, imkanların aşkar edilməsi və onlardan faydalanma” mövzusunda keçirilən elmi-praktik konfransda xidmətin rəis müavini Məhəmməd Hüseynov tərəfindən səsləndirilib.
“Muxtar respublika əhalisini ekoloji cəhətdən sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün qarşıya qoyulan tələblərdən biri də bu sahənin inkişafıdır”, – deyən Məhəmməd Hüseynov Naxçıvan Muxtar Respublikası ərazisində olan mal-qara arasında süni mayalanma işlərinin gedişi, əldə olunan nəticələr haqqında geniş məlumat verib.
Naxçıvan Dövlət Universitetinin baytarlıq təbabəti kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirov çıxış edərək bildirib ki, süni mayalanma işi heyvanların cins tərkibini yaxşılaşdırmaqla yanaşı, onların genetik xüsusiyyətlərinin də sonrakı nəslə ötürülməsini təmin edir. Əli Tahirov bu işdə maarifləndirmə tədbirlərinin də rolunun əhəmiyyətli olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Dövlət Baytarlıq Xidmətinin epizootiya əleyhinə mübarizə və müalicə-profilaktika sektorunun müdiri Şəmsəddin Nağıyev zoonoz xəstəliklərin heyvanlardan insanlara keçən brusellyoz, vərəm, qarayara olduğunu, son dövrlər muxtar respublikada iti gedişli infeksiya aşkar edilmədiyini bildirib.
Həmin sektorun baş məsləhətçisi Elnur Əliyev isə qeyd edib ki, bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində heyvandarlıq təsərrüfatlarında süni mayalanma işinin günün tələbləri səviyyəsində qurulması əhalinin ekoloji saf və təmiz ət-süd məhsulları ilə təminatında mühüm rol oynayır. Bu yolla heyvanların baş sayının artırılması öz səmərəsini verir.
Əldə edilən nəticələr barədə danışan Elnur Əliyev deyib ki, 2002-ci ildə 54 baş mal-qarada süni mayalanma aparılaraq 35 baş sağlam bala əldə olunmuşdusa, 2017-ci ildə 9190 baş inəkdə süni mayalanma aparılaraq 5804 baş sağlam buzov alınıb.