REGİONLAR
Muxtar respublikada suvarma mövsümü mütəşəkkil keçir
Naxçıvan, 5 iyun, AZƏRTAC
Muxtar respublikada suvarma şəbəkələrinin əhatə etdiyi torpaqların əkilməsi və meliorativ tədbirlərin aparılması diqqət mərkəzindədir.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, suvarma mövsümünün mütəşəkkil keçirilməsi və əkin sahələrinin suya olan tələbatını ödəmək üçün may ayında bir sıra tədbirlər görülüb. Belə ki, 9,6 kilometr magistral kanal, 22,7 kilometr ara arxlar və 5,5 kilometr kollektor lildən təmizlənib, 1,8 kilometr yeni suvarma xətti çəkilib. Bu dövrdə su istifadəçilərinə 62 milyon kubmetr su verilib, bunun müqabilində 52 min 909 hektar torpaq sahəsi suvarılıb.
Mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni su xətlərinin çəkilməsi sahəsində görülən işlər ötən ay da diqqətdə saxlanılıb, Kəngərli rayonunun Böyükdüz kəndində 800, Şahbuz rayonunun Türkeş kəndində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 15 kilometr uzunluğunda suvarma xətti çəkilib.
Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün 730 metr istiqamətləndirici bənd salınıb, həmçinin 61,8 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Muxtar respublikada su təminatının həyata keçirilməsində subartezian quyularının və kəhrizlərin gücündən geniş istifadə olunur. Qeyd olunan dövrdə 96 subartezian quyusunda və 5 kəhrizdə təmir-bərpa işləri aparılıb, 1 kəhrizdə işlər başa çatdırılıb, 1 yeni subartezian quyusu istifadəyə verilib.
Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması, yaşayış məntəqələrində müasir kanalizasiya şəbəkələrinin qurulması istiqamətində görülən işlər davam etdirilib. Bu dövrdə “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm və Araz kəndlərində 2,5 kilometr su və 3,5 kilometr kanalizasiya, Sədərək rayonunda 5,4 kilometr su, 1,9 kilometr kanalizasiya, Kəngərli rayonunda isə 5,3 kilometr uzunluğunda su xətti çəkilib.