REGİONLAR
Muxtar respublikada teatrların maddi-texniki bazası möhkəmləndirilib
Naxçıvan, 28 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binalarının hamısı yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Beynəlxalq Teatr Günü münasibətilə keçirilən tədbirdə bu barədə danışılıb.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, müstəqillik illərində teatrlarımızın yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektivlər milli dəyərlərimizin peşəkar təbliğatçılarına çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapmağı bacarıb. Həmçinin muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Xalq teatrlarının hazırladıqları onlarla tamaşa ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
“Naxçıvan teatrları kollektivlərinin əməyi bu illər ərzində dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Bu sahədə çalışan sənət adamları səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülüblər”, - deyən Natəvan Qədimova çıxışının sonunda muxtar respublikada mədəniyyət və incəsənətə göstərilən böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Meterlinqin “Göy quş” əsərinin tamaşasına baxış olub.