REGİONLAR


Muxtar respublikada təhsil sahəsində qazanılan uğurlar ildən-ilə artır

Naxçıvan, 11 yanvar, AZƏRTAC

Muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı və yaradılan müasir təhsil şəraiti 2017-2018-ci tədris ilində də uğurlu nəticələrin əldə olunmasına yol açıb. Qəbul imtahanlarında məzunlardan 1781-i ali məktəblərə, 615-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Onlardan 331-i 500-700 arası bal toplayıb, 6 məzun isə Prezident təqaüdünə layiq görülüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında səsləndirilib.

Kollegiyada Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazasının daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər ötən il də davam etdirilib. 2018-ci ildə Naxçıvan şəhərində 6 nömrəli, Şərur rayonunda İbadulla, Ərəbyengicə, Kosacan, Babək rayonunda Aşağı Buzqov, Yuxarı Buzqov, Culfa rayonunda Dizə, Qazançı kənd tam orta məktəbləri, Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

“2018-ci ildən etibarən ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatı müsabiqə yolu ilə aparılır”, - deyən nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərən 44 müəllim, 13 psixoloq, 7 uşaq birliyi təşkilatı rəhbəri, 1 kitabxana müdiri, 1 tərbiyəçi və 7 laborant işlə təmin olunub. Dekabrın 29-da artıq üçüncü dəfə həyata keçirilən işə qəbul imtahanlarının nəticələrinə əsasən, 75 gənc müəllim ümumtəhsil məktəblərində ixtisaslarına uyğun müəllimlik fəaliyyətinə başlayıblar.

Bununla yanaşı, tədrisin keyfiyyətinin artırılması, qabaqcıl təcrübənin öyrənilməsi, müəllimlərin müasir təlim üsulları və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən fransız dili müəllimləri, psixoloqlar, məktəb kitabxanaçıları, informasiya sistemlərinin əlaqələndiriciləri və digər ixtisas müəllimləri ilə kurikulum seminarları, elmi-praktik konfranslar keçirilib.

Rəhman Məmmədov bildirib ki, peşə təhsili sahəsində həyata keçirilən tədbirlər nəticəsində Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrindən 2018-ci il ərzində 18 ixtisas üzrə 125 qrupda 2753 müdavim təhsillərini başa vuraraq müvafiq təhsil sənədi alıb. Hazırda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4 peşə təhsili müəssisəsində 6 ixtisas üzrə 19 qrupda 496 müdavim təhsilini davam etdirir.

Təhsil naziri 2018-ci ildə yol verilmiş nöqsanlardan, onların aradan qaldırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıb.

Tədbir məruzə ətrafında müzakirələrlə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.