REGİONLAR
Muxtar respublikada təhsildə qazanılan uğurlar dövlət qayğısının bəhrəsidir
Naxçıvan, 23 oktyabr, AZƏRTAC
Bu ilin ötən 9 ayında muxtar respublikada 1426 şagird yerlik 4 ümumtəhsil məktəbi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, elmi dərəcəli işçilər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçilməsi də diqqətdə saxlanılıb. Ötən dövrdə ümumtəhsil məktəbləri ilə muzeylər arasında 7, Naxçıvan Şahmat Mərkəzi ilə 6, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə 8, Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzi ilə 5 interaktiv dərs təşkil olunub.
Muxtar respublikada gənc müəllimlərin işə qəbulu istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul imtahanında iştirak edərək müvafiq keçid balını toplamış gənc müəllimlər işlə təmin olunub. Şagirdlərin vətənpərvərlik tərbiyəsində xüsusi rolu olan ümumtəhsil məktəblərində fəaliyyət göstərən hərbi rəhbərlərin biliklərinin artırılması sahəsində də mühüm işlər görülüb, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən ümumtəhsil məktəblərinin hərbi rəhbərləri üçün təlim-məşq toplantıları keçirilib.
Təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikanın məzunlarının buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb. 2018-ci ildə tam orta təhsil bazasından sənəd verən abituriyentlərin 1552-si ali təhsil müəssisələrinə, 227-si müxtəlif ali hərbi məktəblərə, 244-ü isə tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olublar. Ümumilikdə, tam orta təhsil bazasından ali və orta ixtisas məktəblərinə qəbul olan məzunların sayı 2023 nəfər olub.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların, eləcə də ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş aztəminatlı, sağlamlıq imkanları məhdud uşaqların pulsuz məktəbli geyimləri və ləvazimatları ilə təminatı da diqqətdə saxlanılıb. 2018-2019-cu tədris ili üzrə bu kateqoriyadan olan 389 uşağa pulsuz məktəbli geyimi və ləvazimatları verilib.
Muxtar respublikanın peşə təhsili müəssisələrini ötən dövr ərzində 1814 müdavim bitirərək müvafiq təhsil sənədi alıb. Hazırda peşə məktəblərində 26 qrupda 516 müdavim təhsilini davam etdirir.