REGİONLAR
Muxtar respublikada tənha ahıl qadınlara bayram hədiyyələri verilib
Naxçıvan, 7 mart, AZƏRTAC
Muxtar respublikada yaşayan ahıl qadınlar 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində də unudulmayıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sosial xidmətlər göstərilən 200 tənha ahıl qadının evlərinə baş çəkilib, sosial könüllülərin iştirakı ilə onlara bayram hədiyyələri təqdim olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, nazirlik əməkdaşları və sosial könüllülər Beynəlxalq Qadınlar Günü münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində də olub, burada qadın sakinləri bayram münasibətilə təbrik ediblər. Tədbirdə qeyd olunub ki, dövlətimiz tərəfindən qadınlara hərtərəfli diqqət və qayğı göstərilir, onların hüquqlarının təmin olunması, sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Xüsusi qayğıya ehtiyacı olan qadınlara göstərilən sosial xidmətlər, keçirilən görüşlər bunun əyani təzahürüdür.
Qadınlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, muxtar respublikada ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub və bu qayğı ildən-ilə artmaqdadır. Onlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Hazırda tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan 216 nəfərə evdə, 6 nəfərə isə Ahıllar evində sosial xidmət göstərilir. Ahıl insanların sağlamlıqlarının qorunması, tibbi reabilitasiyası da daim diqqət mərkəzində saxlanılır. Onlar həkim müayinəsindən keçirilir, protez-ortopedik və müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyar xidmətlər göstərilir, respublikanın sanatoriya və pansionatlarına göndərişlər verilir.