REGİONLAR
Muxtar respublikada tibbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilir
Naxçıvan, 27 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) gələcəyin həkim kadrlarının yetişməsində mühüm işlər görülür.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər universitetin tibb fakültəsində keçirilən məzun günündə səsləndirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışıb. Rektor tələbələri, onların üzərində böyük əməyi olan valideynləri və müəllimləri təbrik edərək, məzunlara gələcək fəaliyyətlərində universitetin adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb.
“Tibb fakültəsində tədris ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusundakı çıxışında tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov qeyd edib ki, 25 tələbə qəbulunun aparılması ilə yaradılan fakültədə hazırda 424 nəfər təhsil alır. Onların 72 nəfəri xarici ölkə vətəndaşıdır. Vurğulanıb ki, bu il müalicə işi ixtisası üzrə 23, stomatologiya ixtisası üzrə 24, həmçinin tibbi profilaktika ixtisası üzrə 11 və əczaçılıq ixtisası üzrə 17 məzun olmaqla, ümumilikdə 75 nəfər səhiyyə müəssisələrinin sərəncamına göndərilir.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov gələcəyin həkim kadrlarının yetişməsində universitetinin rolunu yüksək qiymətləndirərək, muxtar respublikada səhiyyəyə göstərilən davamlı dövlət qayğısından danışıb. Nazir məzunlara xalqımızın sağlamlığının keşiyində daim layiqincə durmağı arzulayıb.
Azərbaycan Tibb Universiteti I uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə Namazova vurğulayıb ki, Azərbaycan səhiyyəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Akademik gələcəyin həkimlərinə peşənin sirlərinə dərindən yiyələnmək barədə tövsiyələrini çatdırıb.
Valideynlər adından Aytəkin Hacızadə, Ülviyyə Tarverdiyeva məzunları təbrik ediblər.
Sonra fakültənin məzunları Hippokrat andı içiblər.
Tədbir məzunların hazırladığı şeir və mahnılardan ibarət bədii kompozisiya ilə davam edib.