REGİONLAR
Muxtar respublikada tibbi xidmətin əhatə dairəsi daha da genişlənib
Naxçıvan, 8 sentyabr, AZƏRTAC
Naxçıvanda ötən ay 50-55 yaşlı əhalinin 4 min 209 nəfəri müayinə olunub, 262 nəfər dispanser qeydiyyata götürülüb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublika Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini ötən ay da davam etdirib. Nəticədə avqust ayında muxtar respublikada tibbi xidmətin əhatə dairəsi daha da genişlənib.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində avqust ayında Şahbuz rayonunun Kiçikoba kəndində feldşer-mama məntəqəsi əhalinin istifadəsinə verilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ edilən xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları gətirilib.
Bu dövrdə ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinə və cərrahi əməliyyatlarının təşkili davam etdirilib. Azərbaycan Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin 5 nəfərdən ibarət heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi ilə birgə 5 nəfərdə açıq ürək əməliyyatı, 16 nəfərdə müayinələr aparıb. Bakı şəhərində tibbi fəaliyyət göstərən endokrinoloq Rövşən Həsənov Naxçıvan Muxtar Respublika Xəstəxanasında endokrinoloji xəstəliyi olan 60 nəfərdə müayinələr və müalicələr aparıb.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinin həkimləri tərəfindən mədəniyyət işçiləri arasında 22 qadında süd vəzinin müayinəsi həyata keçirilib, 3 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə dəvət edilib.
Müasir tibbi avadanlıq, cihaz və aparatlar, laboratoriya ilə təchiz olunan həkim briqadalarının yerlərə gedişi qrafik əsasında tənzimlənib, müayinələrin kütləviliyinə nail olunub. Ordubad, Şahbuz və Culfa rayonlarının ərazisindəki obalarda heyvandarlar və onların ailələrinin kütləvi tibbi müayinəsi aparılıb. Obalarda 168 nəfər tibbi müayinələrdən keçirilib.
Muxtar respublika ərazisində yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabit olub, xüsusi təhlükəli infeksiyalar qeydə alınmayıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ay ərzində 15 nəfəri Bakı şəhər Şağan qəsəbəsində fəaliyyət göstərən Əlillərin Müalicə Pansionatına, 39 nəfəri Mərdəkan qəsəbəsində fəaliyyət göstərən Müharibə və Əmək Veteranları Pansionatına, 33 nəfəri müxtəlif xəstəxanalara müalicəyə göndərib.