REGİONLAR
Muxtar respublikada ümumi daxili məhsul istehsalı 2 milyard 101 milyon manatı ötüb
Naxçıvan, 28 oktyabr, AZƏRTAC
Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2020-ci ilin yanvar-sentyabr aylarında da davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2020-ci ilin yanvar-sentyabr aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 101 milyon 254 min manat olub. Bu da bir il öncəki göstəricidən 0,7 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 4564 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 28 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57 faiz təşkil edib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,9 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, informasiya və rabitə xidmətləri 4,6 faiz artıb.