REGİONLAR


Muxtar respublikada uşaqların hüquqlarının qorunması və sosial müdafiələrinin təşkili diqqət mərkəzindədir

Naxçıvan, 19 avqust, AZƏRTAC

Muxtar respublikada əhalinin, o cümlədən uşaq, yeniyetmə və gənclərin sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılıb. Cari ilin altı ayı ərzində bir sıra profilaktik tədbirlər həyata keçirilib, 16 min 861 uşaq tibbi müayinə olunub, 15 min 376 uşağa isə profilaktik peyvəndlər vurulub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclasında səsləndirilib.

İclasda komissiyanın sədri Ramilə Seyidova gündəlikdə duran məsələlərlə bağlı məlumat verib, 2019-cu ilin 6 ayı ərzində görülən işlərlə bağlı məruzə ilə çıxış edib.

“Hesabat dövrü ərzində muxtar respublikada olan bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, təhsilə cəlb olunması, sosial müdafiələrinin təşkili, xüsusi istedadlarının üzə çıxarılması, müalicə olunmaları ilə əlaqədar tədbirlər görülüb”, - deyən Ramilə Seyidova bildirib ki, hesabat dövrü ərzində komissiyalar muxtar respublikada məktəbdaxili nizam-intizama əməl etmələrinin yoxlanması, yetkinlik yaşına çatmayanlara spirtli içki və tütün məmulatları satışının, qanunsuz olaraq əməyə cəlb edilməsinin, təhsildən yayınma hallarının qarşısının alınması, eləcə də yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədilə 492 reyd yoxlaması, 139 görüş, müxtəlif mövzularda çoxsaylı maarifləndirici söhbətlər aparılıb, seminarlar keçirilib.

Həmçinin valideyn himayəsindən məhrum olmuş və hər iki valideynini itirmiş uşaqların ailələrə verilməsi də komissiyalar tərəfindən diqqətdə saxlanılıb. Belə ki, hesabat dövrü ərzində muxtar respublika üzrə 2 uşaq himayəyə, 4 uşaq isə qəyyumluğa verilib.

Bəhs olunan dövrdə uşaqların tarixi-memarlıq abidələrinə və muzeylərə ekskursiyaları təşkil edilib, onlar üçün film, tamaşa və konsert proqramları nümayiş olunub, onların istedadlarının üzə çıxarılması üçün müsabiqələr, bilik yarışları, intellektual oyunlar təşkil edilib. Həmçinin rəsm və əl işlərindən ibarət sərgi, müxtəlif mövzularda tədbirlər keçirilib. Həmin tədbirlərdə fərqlənən uşaqlar mükafatlandırılıb.

Bundan əlavə, “2016-2020-ci illərdə Naxçıvan Мuxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar olaraq 2019-cu ilin 6 ayı ərzində 20 uşaq məktəbəqədər, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə yönləndirilib.

Komissiya sədri bildirib ki, hesabat dövründə, ümumilikdə, 12 uşaq müəssisəsində monitorinqlər keçirilib.

Sonra məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Fariz Nəsirov, Ordubad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Fərqanə Hüseynli, Culfa Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Sara Hüseynova və Sədərək Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Mahirə Adnayeva çıxış ediblər.

İclasın sonunda komissiyanın qərarı təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.