REGİONLAR
Muxtar respublikada uşaqların icbari dispanserizasiyası davam etdirilir
Naxçıvan, 29 iyun, AZƏRTAC
Muxtar respublikada cari ilin aprel-may aylarında 44 min 175 uşaq müayinəyə cəlb edilib, 858 uşaqda xəstəlik və xəstəliyə meyillilik aşkar edilərək dispanser qeydiyyatına götürülüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası tərəfindən Naxçıvan şəhərindəki 20 tam orta məktəbdə 11 min 956 uşaq diqqətlə tibbi müayinə olunub, aşkar edilən xəstələr dispanser müşahidəsinə götürülüb. Eyni zamanda, sahə həkim briqadaları tərəfindən evlərdə dispanserizasiya işləri aparılıb. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud olan uşaqların dispanserizasiyasına daha həssaslıqla yanaşılıb. Müayinə edilənlərin elektron bazada reyestri yaradılıb.
Son illər ölkəmizdə uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Bu tədbirlər “Uşaqların icbari dispanserizasiyası haqqında” 2013-cü il 5 mart tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun şəkildə icra olunur.