REGİONLAR


Muxtar respublikada vergilər üzrə proqnoz 106,2 faiz icra edilib

Naxçıvan, 28 iyul, AZƏRTAC

İqtisadi inkişafın nəticəsi olaraq, cari ilin 6 ayı ərzində muxtar respublikanın Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 106,2 faiz icra edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 703 min 900 manat və ya 9,2 faiz çoxdur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı keçirilən kollegiya iclasında səsləndirilib.

Tədbirdə vergilər naziri, baş vergi xidməti müşaviri Azər Nağıyev çıxış edərək bildirib ki, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində əldə edilən uğurlar vergilər üzrə müəyyənləşdirilmiş proqnozların icrasına şərait yaradıb. Belə ki, ümumilikdə, muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 39,4 faizi dövlət, 60,6 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 428 min 200 manat və ya 2,2 faiz artıb.

“Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində muxtar respublikada aparılmış təbliğat işləri davam etdirilib. Hesabat dövründə POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız hesablaşmaların həcmi 18 milyon 127 min 710 manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 211 min 854 manat artıq olub” – deyən nazir bildirib ki, vergitutma bazasının genişləndirilməsi və vergidənyayınma risklərinin azaldılması sahəsində görülən tədbirlər nəticəsində öz əmlaklarını icarəyə verərək gəlir əldə edən 3618 fiziki şəxs tərəfindən 91 min 645 manat vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib. 2017-ci ilin birinci yarımili ilə müqayisədə icarə haqlarından büdcəyə vergi ödəyənlərin sayı 622 şəxs, vergi məbləği isə 15 min 108 manat artıb.

Nazir onu da qeyd edib ki, repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi məsələsi nəzarətə götürülərək, bu sahədə məlumatlandırma və maarifləndirmə işləri genişləndirilib. 2017-ci ilin noyabr ayından başlayaraq həmin fəaliyyətlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi işi daha da gücləndirilib. Nəticədə, muxtar respublika üzrə, ümumilikdə, 212 repetitor vergiödəyicisi kimi qeydiyyata alınıb və büdcəyə 6920 manat vəsait daxil olub.

Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.