REGİONLAR
Muxtar respublikada xüsusi mühafizə olunan təbiət əraziləri diqqətdə saxlanılır
Naxçıvan, 10 dekabr, AZƏRTAC
Bütün mövsümlərdə, xüsusilə qış mövsümündə xüsusi mühafizə olunan təbiət ərazilərində nəzarətin gücləndirilməsi, heyvanların ovlanması, flora və faunaya mənfi təsirlərin qarşısının alınması, həmçinin əhalinin maarifləndirilməsi işinin gücləndirilməsi əsas şərtdir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi mühafizə olunan təbiət ərazilərinin direktorlarının iştirakı ilə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev deyib.
Müşavirədə çıxış edən nazirliyin şöbə müdiri Azər Məmmədov, Ordubad Milli Parkının direktoru Aydın Hüseynov, Şahbuz Dövlət Təbiət Qoruğunun direktoru Həsənqulu Kərimov və Arpaçay Dövlət Təbiət Yasaqlığının direktoru Elşən Seyidov 2019-cu ildə qoruq, milli park və yasaqlıqlarda görülən işlər barədə ətraflı məlumat veriblər.
Çıxış edənlər cari il ərzində aparılan reydlərin nəticəsini də diqqətə çatdırıblar.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev müşavirənin sonunda qeyd edib ki, xüsusi mühafizə olunan təbiət ərazilərində yegerlər tərəfindən nəzarət daha da gücləndirilməli, həmin ərazilərin fauna və florasının qorunması istiqamətində görülən işlər davam etdirilməlidir.