REGİONLAR
Muxtar respublikada yaz suvarma mövsümünə hazırlıq işləri görülür
Naxçıvan, 15 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında yaz suvarma mövsümünə hazırlıqla əlaqədar 16 kilometr kanal, 33 kilometr ara arxları, 3 kilometr kollektor lildən təmizlənib, suvarma boru xətləri təmir edilib.
Muxtar respublika Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün Naxçıvançay vadisində 960 metr, Sirab selovunda 790 metr istiqamətləndirici bənd salınıb.
Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə yeni içməli su xətlərinin çəkilişi və mövcud içməli su xətlərinin təmir-bərpası 2018-ci ilin yanvar ayında davam etdirilib. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 3-də yeni nasos aqreqatı quraşdırılıb, 40 subartezian quyusu təmir olunub. Yanvar ayında Kəngərli rayonunun Şahtaxtı kəndində “Böyükgöl” kəhrizinin, Çalxanqala kəndində “Dərələyiz” kəhrizinin təmir-bərpası başa çatdırılıb, 7 kəhrizdə işlər davam etdirilib.
“Rayon mərkəzləri və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şahbuz şəhər çirkab sutəmizləyici qurğu kompleksində binaların dam örtüyü vurulub, hörgü və suvaq işləri aparılır. Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 2 kilometrə yaxın içməli su və 3 kilometr kanalizasiya xətti çəkilib.