REGİONLAR
Muxtar respublikada yaz suvarma mövsümünə hazırlıq işləri görülür
Naxçıvan, 13 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək məqsədilə Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi bir sıra tədbirlər həyata keçirir. Belə ki, artıq su anbarlarına suyun yığılmasına başlanılıb, kiçikhəcmli sututarlar doldurulub, kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay 9 kilometr magistral kanal, 13 kilometr ara arxları, 2 kilometr kollektor lildən təmizlənib, 1 kilometr yeni açıq drenaj kanalı qazılıb. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün Cəhriçay və Vənəndçay vadilərində, Qahab selovunda 890 metr istiqamətləndirici bənd tikilib.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə Kəngərli rayonunun Yurdçu kəndində 56 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb. Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri aparılıb. Yanvar ayında Ordubad rayonunun Vələver kəndində “Kənd” kəhrizinin bərpası başa çatdırılıb, 4 kəhrizdə işlər davam etdirilib. Bu dövrdə 1 subartezian quyusu qazılıb, 38 subartezian quyusu təmir-bərpa olunub. 2019-cu ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq maşın-mexanizmlər, mexaniki və elektrik avadanlıqları təmir olunaraq işlək vəziyyətə gətirilib.