REGİONLAR
Muxtar respublikada yazlıq taxıl əkinlərinə başlanılıb
Kəngərli, 17 fevral, AZƏRTAC
Mütəxəssislər fevral ayını yazlıq arpa əkinləri üçün ən optimal müddət hesab edirlər. Bu məqsədlə muxtar respublikada ilkin mərhələdə sahələrə məhsuldar sortlu arpa toxumları səpilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yazlıq arpa əkinində Naxçıvan Toxumçuluq Mərkəzinin əməkdaşları yaxından iştirak edirlər. Mərkəzin Kəngərli rayonunun Böyükdüz kəndi yaxınlığında geniş bir ərazidə taxıl əkini sahələri var. Bu torpaqlardan bol və keyfiyyətli məhsul götürmək üçün əraziyə qapalı suvarma sistemləri də çəkilib.
Ötən ilin payızında mərkəzin taxılçıları tərəfindən 1133 hektardan artıq ərazidə əkin aparılıb. Bu işlərin davamı olaraq hazırda ərazilərə arpa toxumu səpilir. Əkinin mütəşəkkil başa çatdırılması üçün kifayət qədər texnika-maşın və mexanizm də ayrılıb. Torpaq sahələri qısa zamanda şumlanır və hamarlanaraq əkinə yararlı hala salınır. Artıq 40 hektar sahə əkin üçün hazırlanıb. Gün ərzində 10 hektarlarla sahəyə arpa toxumu səpilir. Əkində keyfiyyətli “Qarabağ-22” toxumundan istifadə olunur.
Muxtar respublikada sahələrə əsasən “Naxçıvan dəni”, “Qarabağ-22”, “Cəlilabad” və torpaq-iqlim xüsusiyyətlərinə uyğun digər arpa sortları əkilir. Əkindən qabaq toxumların dərmanlanması isə gələcəkdə taxıl sahələrində baş verə biləcək xəstəliklərin qarşısını alır.