REGİONLAR
Muxtar respublikada yeni texnologiyaların tətbiqinə önəm verilir
Naxçıvan, 22 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 2019-cu ilin oktyabr ayında yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi diqqətdə saxlanılıb, 227 yeni telefon nömrəsi istismara verilib.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay muxtar respublika ərazisində, ümumilikdə, 4425 metr fiber-optik kabel xətti çəkilib, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 807 yeni abunəçi internetlə təmin olunub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi hazırlanaraq istifadəyə verilib.
Qeyd olunan dövrdə kadr hazırlığı məsələsi də diqqətdə saxlanılıb, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kompüter kursları üzrə təhsil almaq üçün 55 qrup yaradılıb. Həmçinin “Naxçıvan” Universitetində “startup.nakhchivan.az” internet portalının təqdimatı olub, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib.