REGİONLAR


Muxtar respublikada yerli istehsal və idxal məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunur

Naxçıvan, 16 iyul, AZƏRTAC

Bu ilin 6 ayında muxtar respublikada keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğu diqqətdə saxlanılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində keçirilən kollegiya iclasında ətraflı danışılıb.

Agentliyin direktoru Bəxtiyar İsmayılov bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında aidiyyəti orqanlarla yanaşı, agentliyə də müvafiq tapşırıqlar verilib.

“Bu ilin ilk yarısında agentlik qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələrinə uyğun olaraq müvafiq işlərin icrasını həyata keçirib. Belə ki, 2017-ci il 25 iyul tarixli beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında verilmiş tapşırıqların icrası istiqamətində müvafiq işçi qrupu 98 halda sahibkarlarla görüş keçirib və istehsal olunan məhsulların ixracı üçün davamlı tədbirlər görüb”, – deyə B.İsmayılov qeyd edib. Deyib ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müvafiq orqanların nümayəndələri ilə birgə, ümumilikdə idxal olunan 1653 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 83 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı” üzrə ailə təsərrüfatlarında meyvə və tərəvəzlərin qurudularaq paketlənməsi, keçirilən sərgilərdə ailə təsərrüfatı məhsullarının nümayişi, ixracının təşviqi və kataloqunun hazırlanması, ailə təsərrüfatlarında istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması, sertifikatlaşdırılmasının və markalanmasının təşkil olunması diqqətdə saxlanılıb. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üzrə cari ilin ilk 6 ayında məhsullardan 265 halda nümunələr götürülərək laboratoriyaya təqdim olunub, sınaqların nəticələrinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib. Yarım ildə muxtar respublika üzrə 194 ailə təsərrüfatına məhsulların etiketlərinin hazırlanmasında müvafiq köməklik göstərilib.

Qeyd edilib ki, məhsulların 780 halda, o cümlədən qida məhsullarının 722 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin olunub. Standartların tələblərinə uyğun olmayan 4381 manat dəyərində keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılıb. Həmçinin yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 161 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

Qarşıdakı dövrdə verilmiş tapşırıqlara da toxunan agentliyin direktoru vurğulayıb ki, gələcəkdə ailə təsərrüfatlarında istehsal edilən məhsulların növ və çeşidlərinin artırılması istiqamətində işləri davam etdirməli, yerli istehsal və idxal məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunmalıdır.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.