REGİONLAR


Muxtar respublikamızın rayonlarında 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb

Naxçıvan, 21 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hər il olduğu kimi, bu il də yanvar ayının 20-də Şərur rayonunun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, ictimaiyyətin nümayəndələri Qanlı Yanvar hadisələrində və torpaqlarımızın müdafiəsi zamanı həlak olanların əziz xatirəsini yad etmək üçün Şərur şəhərindəki Şəhidlər xiyabanına gəlib, buradakı abidə önünə tər qərənfillər düzüblər. Həmin gün Azərbaycanın Milli qəhrəmanları Məhərrəm Seyidovun Şərur şəhərindəki, Səyavuş Həsənovun Yengicə kəndindəki büstləri, Kərim Kərimovun Qarahəsənli kəndindəki məzarı da ziyarət edilib, məzarların üstünə gül dəstələri qoyulub.

Ümumxalq Hüzn Günündə Babək Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Babək şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gələrək gül dəstələri qoyub, ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla anıblar.

Culfa rayonunda Vətən və xalq yolunda həlak olanların xatirəsi ehtiramla yad edilib. Yanvarın 20-də rayonun idarə, müəssisə və təşkilat nümayəndələri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün şəhərin Heydər Əliyev prospektindəki Şəhidlər Abidə Kompleksinə gəlib, abidənin önünə tər qərənfillər qoymaqla ehtiramlarını bildiriblər.

Xalqımızın tarixinə qəhrəmanlıq günü kimi yazılmış 20 Yanvar faciəsinin 32-ci ildönümü Kəngərli rayonunda da qeyd olunub. Yanvarın 20-də rayonun ictimaiyyət nümayəndələri Azərbaycanın ərazi bütövlüyünü qorumaq, xalqımızın azadlığı yolunda canlarından keçmiş qəhrəman övladlarının xatirəsini yad etmək üçün Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısından keçərək onların xatirəsini dərin ehtiramla yad edib, abidə önünə çiçəklər düzüblər.

Şahbuz rayonunda idarə, müəssisə və təşkilatların nümayəndələri 20 Yanvar şəhidlərinə ehtiramlarını bildirərək anım tədbirində iştirak ediblər. Tədbir “Şəhidlər” abidə kompleksində keçirilib.

Sədərək rayonunda da şəhidlərimiz böyük hörmətlə anılıb. Rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri Sədərək kəndindəki Şəhidlər xiyabanını ziyarət edərək, Vətən yolunda qurban getmiş şəhidlərimizin xatirəsinə ehtiramlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.