REGİONLAR


Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni elektron xidmətin təqdimatı olub

Naxçıvan, 17 sentyabr, AZƏRTAC

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş fəaliyyət proqramında, elektron xidmətlərin genişləndirilməsinə dair verilmiş tapşırığın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni elektron məlumat bazası istifadəyə verilib.

Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin əməkdaşı Yusif Piriyev çıxış edərək muxtar respublika üzrə müavinət, təqaüd və kompensasiya ödənilən vətəndaşlar haqqında yaradılmış mərkəzləşdirilmiş məlumat bazasının istifadəsi qaydaları haqqında məlumat verib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Bildirilib ki, yeni istifadəyə verilən baza Dövlət Sosial Təminat Xidməti ilə onun yerli bölmələri arasında müvafiq məlumat mübadiləsini operativ və çevik qaydada təşkil etmək üçün yaradılıb. Bu məqsədlə nazirlikdə bütün növ ödənişlərin müvafiq elektron informasiya resursları vasitəsilə mütəmadi olaraq bazaya daxil edilməsi və məlumatların vahid mərkəzdən idarə olunması üçün server quraşdırılıb.

Tədbirdə sözügedən məlumat bazasının əhəmiyyətindən bəhs olunub, fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, dizayn və funksionallıq baxımından müasir tələblərə cavab verən mərkəzləşdirilmiş məlumat bazası Dövlət Sosial Təminat Xidmətinin və müvafiq yerli təşkilatların əməkdaşlarının fəaliyyətində operativliyin və səmərəliliyin artırılmasına zəmin yaradacaq, bu sahədə elektron xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsinə təkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.