REGİONLAR
Muxtar respublikanın Arazboyu ərazilərində monitorinq aparılıb
Sədərək, 27 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən Sədərək rayonun Arazboyu ərazilərində və Şirarxı kanalının ətrafında monitorinq aparılıb, ərazi xüsusi məhlulla dezinfeksiya olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, monitorinq zamanı xidmətin əməkdaşları payız-qış mövsümündə köç edən quşların bu ərazidə törədə biləcəyi xəstəliklər barədə maarifləndirici söhbətlər aparıblar. Qeyd olunub ki, köçəri quşlarda müəyyən xəstəliklərin ev heyvanlarına və ev quşlarına keçməsi hallarının baş verməməsi üçün əvvəlcədən profilaktik məqsədlə çay və göllərdə monitorinqlər həyata keçirilir. Həmin sahələrdə hər hansı səbəbdən tələf olan quş və heyvanlar aşkar olunarsa, cəsədlər götürülərək baytarlıq laboratoriyalarında yoxlanılacaq və ölüm səbəbi aydınlaşdırılaraq təyinatı üzrə tədbirlər həyata keçiriləcək.
Əraziyə baxış zamanı xəstə, ölmüş heyvan və quş cəsədləri aşkar edilməyib.
Qeyd edək ki, payız-qış mövsümündə bu cür monitorinqlər davam etdiriləcək, çöl heyvanlarının və quşların olduğu sahələrdə baytarlıq xidməti tərəfindən profilaktik məqsədlə dezinfeksiya tədbirləri aparılacaq.