REGİONLAR


Muxtar respublikanın Futbol Federasiyası ötən ili uğurla başa vurub

Naxçıvan, 11 yanvar, AZƏRTAC

Muxtar respublikanın Gənclər və İdman Nazirliyi 2002-ci ildə yaradılan Futbol Federasiyası ilə birgə Naxçıvanda idmanın bu növünü inkişaf etdirmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasında keçirilən yığıncaqda ətraflı danışılıb.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin müzakirə olunduğu yığıncaqda çıxış edən Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

Sonra federasiyanın sədr müavini Hafiz Əliyev 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə danışıb.

Yığıncaqda çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov müşavirədə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına verilən tapşırıqlardan bəhs edib.

Bildirilib ki, muxtar respublikada futbol idman növü ilə 5242 idmançı 296 qrupda məşğul olur. 2018-ci il iyunun 12-16-da Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnirdə doğma diyarı təmsil edən “Araz-Naxçıvan” komandası uğurlu nəticə göstərərək yarışın mükafatçıları sırasına düşüb.

Azad Cabbarov həyata keçirilən tədbirlərin nazirlik və Futbol Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib, bu idman növünün inkişafı istiqamətində daha böyük uğurlara imza atılacağına əminliyini bildirib.

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev çıxışında vurğulayıb ki, federasiya hesabat ili üçün tərtib etdiyi tədbirlər və təqvim planını Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdıraraq təsdiqləyir. S.Şahverdiyev deyib ki, müşavirədə federasiyanın qarşısına qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsində əsaslı dönüş yaradılmalıdır. 2019-cu ildə Futbol Federasiyasının kuboku, 15-16 yaşlı futbolçuların muxtar respublika birinciliyi, yerlərdə şəhər və rayon birinciliklərinin, futzal üzrə muxtar respublika kuboku yarışlarının keçirilməsi nəzərdə tutulub.

Muxtar respublikanın 5 rayonunda federasiyanın bölmələri fəaliyyət göstərir. Tezliklə bunların sırasına Naxçıvan şəhəri, Şərur və Babək rayonları da əlavə olunacaq. Federasiya bölmələrini fəaliyyətinin səmərəli təşkili üçün yerli şəhər və rayon icra hakimiyyətləri ilə sıx əlaqə yaradılmalıdır. Naxçıvan Muxtar Respublikasında mövcud olan bütün stadion və futbol meydançalarından səmərəli istifadə olunması, yeni stadionların qurulması və onların bərpa edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır.

Federasiya sədri qeyd edib ki, Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün mövcud olan bütün imkanlardan səmərəli istifadə edilməlidir.

Sonra Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıblar.

Yığıncağa yekun vuran Futbol Federasiyasının sədri məşqçi və idmançılar adından yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.