REGİONLAR


“Muxtar respublikanın dövlət orqanlarının internet resurslarının təhlükəsizliyinin təmin olunması” mövzusunda seminar keçirilib

Naxçıvan, 9 fevral, AZƏRTAC

“Muxtar respublikanın dövlət orqanlarının internet resurslarının təhlükəsizliyinin təmin olunması” mövzusunda seminar keçirilib. Seminarda muxtar respublikanın dövlət orqanlarının informasiya təhlükəsizliyinə cavabdeh şəxslər və mətbuat xidmətlərinin əməkdaşları iştirak edib.

AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov seminarı açaraq bildirib ki, bu gün dünyanı informasiyasız təsəvvür etmək mümkün deyil. İnformasiyanın cəmiyyət həyatındakı rolu nə qədər böyük olsa da, informasiya təhlükəsizliyinin qorunması da bir o qədər vacibdir. Ötən dövrdə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən muxtar respublikanın dövlət orqanlarının saytları yaradılıb, bu qurumlar arasında elektron sənəd dövriyyəsi sistemi istifadəyə verilib.

Rövşən Məmmədov vurğulayıb ki, cəmiyyətin informasiyaya olan tələbinin artması informasiya təhlükəsizliyinin qorunmasını daha da aktuallaşdırıb. Çünki informasiya təhlükəsizliyinin təmin edilməsi sistemli və kompleks yanaşma tələb edir. İnternet resurslarının təhlükəsizliyinin təmin olunması ilə bağlı keçirilən bu seminarda da əsas məqsəd birgə mübarizə tədbirləri haqqında iştirakçıları maarifləndirməkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək deyib ki, informasiya təhlükəsizliyinin təmin edilməsi prinsiplərinə muxtar respublikada ardıcıl şəkildə əməl olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli qayğısı ilə dövlət orqanları və kütləvi informasiya vasitələri üçün geniş imkanlar yaradılıb. Müasir inzibati binaların istifadəyə verilməsi, əməkdaşlar üçün hərtərəfli iş şəraitinin yaradılması, elektron hökumətin tətbiqi, sürətli internetə çıxış və yeni texnologiyalardan istifadə bu sahədə fəaliyyətin səmərəli təşkilinə xidmət edir. Yaşadığımız dövrün qarşıya qoyduğu tələblərdən biri də informasiyanın təhlükəsiz və operativ formada ictimaiyyətə çatdırılmasıdır. Bu işdə internetin imkanlarından geniş istifadə olunması isə dövrün tələbidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli Sərəncamına əsasən, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələrin təsis olunması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsasını qoyub. Ötən il dövlət orqanlarının internet saytlarında mətbuat xidməti bölməsi yaradılıb, informasiya-məlumatlandırma işinin keyfiyyəti yüksəldilib. Lakin bəzi hallarda internet saytlarından istifadə zamanı qeyri-peşəkar yanaşma halları müşahidə olunur. İnformasiya təhlükəsizliyinə cavabdeh şəxslərin mütəxəssislərlə razılaşdırmadan internet saytlarında düzəliş və əlavələr etməsi internet informasiya ehtiyatlarının təhlükəsizliyi üçün təhdidlər yaradır. Keçirilən seminar da bu sahədə fəaliyyətin düzgün təşkilinə xidmət edir.

Tədbir internet resurslarının təhlükəsizliyinin təmin olunması ilə bağlı təqdimatlarla davam edib.

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin şöbə müdiri Şahin İsmayılov, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Bayram Ələkbərov, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşı Cavid Mustafayev slaydlar vasitəsilə informasiya təhlükəsizliyinin qorunması sahəsində qarşıda duran vəzifələr barədə seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.