REGİONLAR
Muxtar respublikanın enerjiyə olan tələbatı qarşıdakı illərdə tamamilə bərpaolunan enerji mənbələri hesabına ödəniləcək
Naxçıvan, 6 iyul, AZƏRTAC
Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadə diqqətdə saxlanılır, istehlakçılar dayanıqlı elektrik enerjisi ilə təmin olunur. Həyata keçirilən kompleks işlər nəticəsində qarşıdakı illərdə enerjiyə olan tələbat tamamilə bərpaolunan enerji mənbələri hesabına ödəniləcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2015-ci ilin dekabr ayında istifadəyə verilən Naxçıvan Günəş Elektrik Stansiyası 20 meqavat gücündə və illik istehsal gücü 30 milyon kilovat-saat olub. 2017-ci ildə bu stansiyanın gücü 2 meqavat da artırılaraq 22 meqavata çatdırılıb. Hazırda stansiyanın illik istehsal gücü 33 milyon kilovat-saatdır.
2019-cu ilin fevral ayında isə Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib və bu stansiyanın illik istehsal gücü 3 milyon kilovat-saatdır.
Ümumi olaraq Naxçıvandakı Günəş Elektrik stansiyalarının gücü 24 meqavata çatdırılıb və illik istehsal gücü isə 36 milyon kilovat-saat olub.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində muxtar respublikadakı Günəş Elektrik stansiyalarında 19 milyon 700 min kilovat-saat elektrik enerjisi istehsal olunaraq şəbəkəyə ötürülüb.
Hazırda Kəngərli rayonunun Qabıllı kəndində tikilən 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasında son tamamlama işləri görülür, Ordubad rayonunun Tivi kəndində isə 15,6 meqavat gücündə Su Elektrik Stansiyası tikilir.