REGİONLAR


Muxtar respublikanın könüllü gəncləri qazilərimizlə görüşüblər

Naxçıvan, 2 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Zəfərimiz” kampaniyası çərçivəsində gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil edilib. Görüş Naxçıvan şəhərində yerləşən “Görüş Yeri” kafesində baş tutub.

Xidmətin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov çıxış edərək müharibədə qazanılan şanlı Zəfərdən söhbət açıb, torpaqlarımızın azad olunmasında canından keçən şəhidlərimizin və qazilərimizin xidmətlərinin hər zaman xalqımız üçün əvəzsiz olduğunu vurğulayıb. O qeyd edib ki, hərbçilərlə, qazilərimizlə həmsöhbət olmaq yeniyetmə və gənclərdə ruh yüksəkliyi, Vətənə sevgi hisslərini dərinləşdirir, onlarda milli vətənpərvərlik şüurunun formalaşmasında, vətənpərvər, millətsevər, qorxmaz və mərd bir gənc olaraq yetişməsində çox mühüm rol oynayır. Bütün bunlar nəzərə alınaraq görüşlərin davamlı olması planlaşdırılır.

Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli çıxışında Vətən müharibəsində yüksək şücaət və qəhrəmanlıq nümayiş etdirən hər bir Azərbaycan övladının torpaq sevgisinin gənc nəsil üçün nümunə olduğunu bildirib.

Vətən müharibəsi iştirakçıları baş leytenant Sahil Hacıbəyli, İlqar Canməmmədov, Nəriman Süleymanlı, baş gizir Amil Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Sadiq İbrahimli və Cahandar Məhərrəmov torpaqlarımızın azad olunmasında pay sahibi olmağın onlar üçün əvəzsiz duyğu olduğunu qeyd ediblər. Vətən müharibəsində Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edən baş leytenant Sahil Hacıbəyli bildirib ki, çətin bir yol olmasına baxmayaraq hər bir döyüşçü bu yolun sonunda ordumuzun Zəfər qazanacağına əmin idi. Müzəffər Ali Baş Komandanın yenilməz diplomatiyası, qəti iradəsi, xalqımızın birliyi və Vətənə olan dərin məhəbbət ordumuzu bu savaşın qalibi etdi.

Sonra çay süfrəsi ətrafında Vətən müharibəsi iştirakçılarından döyüş xatirələri dinlənilib. Qazilərimizi diqqətlə dinləyən gənclər onlara suallar ünvanlayıblar.

Torpaqlarımızın azadlığı uğrunda şücaət göstərən qazilərə təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.