REGİONLAR
Muxtar respublikanın qeyri-ənənəvi turizm növlərinin inkişafı istiqamətində təbliğat işləri davam etdirilir
Naxçıvan, 29 iyul, AZƏRTAC
Quş müşahidəçiliyi quşları təbii mühitdə izləmək, hərəkətlərini araşdırmaq, onların növlərinin müəyyən edilməsində və sayılmasında mühüm əhəmiyyətə malikdir. Bu, turizmin az sərmayə tələb edən, lakin böyük gəlir gətirən növlərindən biridir.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyi, özünəməxsus iqlimi bu torpağa zəngin təbii gözəlliklər bəxş edib və ərazinin təbiəti Azərbaycanın digər bölgələrindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Muxtar respublika ərazisində müşahidə olunan nadir quş növləri böyük maraq doğurur və bu quşlardan bəzilərinə Azərbaycanın digər bölgələrində, ümumiyyətlə, rast gəlinmir.
Muxtar respublikanın ornito faunasının taksonomik tərkibi 18 dəstə, 54 ailə və 161 nəslə aid 259 növlə təmsil olunur. Maraqlıdır ki, onlardan 64 növü Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilib. Bu amil isə, öz növbəsində, muxtar respublikada quş müşahidəçiliyi turizminin inkişafına böyük stimul yaradır.
Xarici quş müşahidəçiləri üçün maraqlı olan nadir quş növlərindən muxtar respublika ərazisində, əsasən, yaz və yay aylarında müşahidə olunan monqol hörücüsünü yarımquraq və dağlıq ərazilərdə, bozboyun vələmirquşunu dağətəyi ərazilərdə, qızılquyruq çaxraqçılı yarımsəhra iqliminin hökm sürdüyü ərazilərdə, ağboğaz bülbülü Naxçıvanda quru ərazilərdə, aladöş çərənçini Batabat gölü ətrafında, həmçinin may və iyun aylarında isə qısabarmaq sərçəni Naxçıvanın dağ yamaclarında və yarımsəhra ərazilərində izləmək mümkündür.
Quş müşahidəçiliyi üçün əlverişli ərazilərdə turizm infrastrukturunun müasir standartlar səviyyəsində qurulması müşahidəçilərin həmin yerlərə daha rahat çatmasına şərait yaradır. Batabat istiqamətində Ağbulaq İstirahət Mərkəzinin mövcudluğu quş müşahidəçilik turizm məhsulunun müşahidəçiləri üçün əlçatanlığını və cazibədarlığını daha da artırır. Bu məqsədlə səyahət edən turistlər vaxt və digər xərclərə qənaət etməklə istirahət mərkəzində gecələmə və qidalanma xidmətlərindən istifadə edə bilərlər. Eyni zamanda, əlverişli müşahidə dövründə burada komfort iqlim şəraitinin mövcudluğu, turizm məhsulunun keyfiyyətinə əlavə dəyər qatmış olur.
Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən quş müşahidəçiliyi turizm növünün təbliği və inkişafı istiqamətində sistemli iş aparılıb. Naxçıvan Muxtar Respublikasındakı endemik quş növləri araşdırılıb və nəticədə, yeni turizm məhsulu formalaşdırılıb.
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 2020-ci il yanvarın 29-da “Azərbaycanda quş gözləmçiliyi turizmi” mövzusunda onlayn təlim keçirilib. Azərbaycanın bütün bölgələrinin təmsil olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikasının turizm sektoru nümayəndələrinin də iştirakı təmin edilib. Bundan başqa, ötən dövrdə Naxçıvanda quş müşahidəçiliyi ilə əlaqədar məlumatlar və fotolar məşhur http://www.birdingplaces.eu/ saytına yerləşdirilib. Naxçıvan, Culfa, Haçadağ, Araz çayı və Batabat istiqamətlərində məskunlaşan quşların yer aldığı ərazilər xəritə üzərində qeyd edilib və müşahidəçilər üçün ətraflı məlumat verilib. Bu saytda nadir quşların çoxluq təşkil etdiyi ərazilər əhəmiyyətlilik dərəcəsinə görə A, B, C kateqoriyalarına ayrılıb. Azərbaycan üzrə 16 məntəqənin 5-i Naxçıvan Muxtar Respublikası ərazisində yerləşib ki, bunlardan da Azərbaycanda mövcud olan 13 A kateqoriyalı məntəqədən 3-ü, B kateqoriyalı 3 məntəqədən isə 2-si muxtar respublikanın ərazisində yerləşir. Onu da vurğulayaq ki, adıçəkilən saytda yerləşdirilmiş xəritədə qırmızı rənglə qeyd olunan A kateqoriyası əhəmiyyətlilik dərəcəsinə görə ən yüksək kateqoriyadır ki, müşahidəçilərə həmin ərazini qaçırmamaq və mütləq şəkildə baş çəkmək tövsiyə olunur.
Muxtar respublikada quş müşahidəçiliyi turizminin kommersiya aspektləri, marketinqi və rəqabətədavamlılığı, bu istiqamətdə görülən işlər, müvafiq kateqoriyadan olan turistlərin maraqlarının nəzərə alınaraq inkişaf etdirilməsi üçün təbliğat istiqamətində işlər davamlı hal alıb.
Bununla əlaqədar olaraq bu il iyulun 15-17-də Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (Global Bird Fair) turizm sərgisində Naxçıvanın ornitoloji turizm potensialı nümayiş etdirilib. Dünyanın 60-dan çox ölkəsinin 250-yə yaxın turizm şirkəti və təşkilatının qatıldığı sərgidə vahid Azərbaycan stendi altında “Naxçıvan Muxtar Respublikası” stendi təşkil edilərək muxtar respublikanın bu sahədə turizm potensialı təbliğ olunub. Sərginin məqsədi muxtar respublikanın turizm potensialını, burada olan nadir quş növlərini sərgi iştirakçılarına tanıtmaq və quş müşahidəçiliyi turizmi üçün əlverişli yerləri təbliğ edərək diyarımıza turist cəlb etməkdən ibarətdir.
Qeyd edək ki, quş gözləmçiliyi turizm məhsulu muxtar respublikada fəaliyyət göstərən turoperatorlar tərəfindən beynəlxalq bazarlara çıxarılır. Ötən dövrdə yerli turoperator tərəfindən bir qrup xarici turistin quş müşahidəçiliyi məqsədilə muxtar respublikaya turu təşkil edilib.