REGİONLAR
Muxtar respublikanın rabitə sahəsinin dayanıqlı işi bütün mövsümlərdə təmin edilir
Naxçıvan, 19 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən hazırda payız-qış mövsümü ilə bağlı nəzərdə tutulan işlərin icrası davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə ətraflı danışılıb.
Müşavirədə nazir Rövşən Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, anbarda hazırda 184,5 kilometr fiziki, 79,6 kilometr fiber-optik kabellər var. Bundan əlavə, anbarda qəza halları üçün müxtəlif diametrli kabellərin hər birindən 2 kilometr olmaqla, ehtiyat saxlanılır. Mövsümdən asılı olmayaraq, istismar edilən bütün elektron qurğuların ehtiyat hissələrinin və bloklarının olmasına nəzarət edilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə digər sahələrlə yanaşı, Rabitə və Yeni Texnologiyalar Nazirliyinə də mühüm tapşırıqlar verilib, fasiləsiz poçt və rabitə xidmətlərinin göstərilməsi üçün mal-material ehtiyatlarının yaradılması tapşırılıb.
“Avadanlıqların qorunması məqsədilə bütün imkanlardan istifadə olunur. Birbaşa ümumi elektrik şəbəkəsindən qidalanan bütün avtomat telefon stansiyaları, radio və televiziya yayım avadanlıqları və digər qurğular xüsusi ayırıcı gərginlik releləri ilə təchiz olunub”, – deyən nazir diqqətə çatdırıb ki, telefon kabellərinin abunəçilərə paylanma nöqtələrinə ildırım və elektrikdən qoruma sistemi olan abunəçi qutuları və paylama şkafları qoyulur.
Rövşən Məmmədov deyib: Hazırda muxtar respublika üzrə mövcud 198 avtomat telefon stansiyasından 26-sı açıq hava tiplidir. 166 stansiya əsaslı təmir edilib və ya yeni binalarda, 179 poçt məntəqəsindən isə 173-ü yeni, yaxud əsaslı təmir olunmuş binalarda yerləşir. İstilik sistemi olmayan cəmi 14 iş yeri, o cümlədən 2 radio-televiziyaverici stansiya qışda standart elektrik qızdırıcıları ilə qızdırılır.
Bütün generator və akkumulyatorlara mərkəzləşmiş qaydada xidmət olunur, oktyabrın 25-dək enerjini az saxlayan istismar müddəti ötmüş akkumulyatorların yeniləri ilə əvəz edilməsi nəzərdə tutulur.
Nazir deyib ki, yaradılmış imkanlardan istifadə edilməklə hər il olduğu kimi, Rabitə və Yeni Texnologiyalar Nazirliyi 2019-2020-ci illərin payız-qış mövsümünü də uğurla başa vuracaq, muxtar respublikanın telekommunikasiya, poçt, radio-televiziya yayımı və internet sahəsinin dayanıqlı və keyfiyyətli işi təmin olunacaq.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.