REGİONLAR


Muxtar respublikanın rayonlarında Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbirlər keçirilib

Naxçıvan, 11 may, AZƏRTAC

Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə dahi şəxsiyyətin, xalqın xilaskar liderinin xatirəsi Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında dərin ehtiramla anılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mayın 10-da muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunun ictimaiyyət nümayəndələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki əzəmətli abidəsi önünə gələrək Ulu Öndərin əziz xatirəsini yad edib, abidə önünə tər qərənfillər düzüblər.

Görkəmli dövlət xadiminin inkişaf və quruculuq siyasətinin bəhrəsidir ki, Şərur rayonunda da genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilib, onlarca məktəb, xəstəxana, mədəniyyət müəssisəsi tikilib istifadəyə verilib, yollar, körpülər salınıb, meliorasiya qurğuları istismara verilib. Görülən bütün işlər əhalinin yaşayışının rahat şəraitlə təmin olunmasına zəmin yaradıb, onları Ümummilli Liderimizin ideyaları ətrafında daha sıx birləşməyə sövq edib. Rayon sakinləri onlara bu xoşbəxt günləri bəxş edən dahi rəhbərimizin misilsiz xidmətlərini unutmur.

Dahi şəxsiyyətin siyasi iradəsi və təşəbbüsü ilə təşkil olunan Babək rayonu da müstəqillik illərində böyük inkişaf yolu keçib, bütün yaşayış məntəqələri abadlaşdırılıb, irimiqyaslı iqtisadi layihələr icra olunub, yeni iş yerləri açılıb, məskunlaşma artıb, aqrar sektor dinamik inkişaf yoluna qədəm qoyub.

Mayın 10-da Babək Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları dahi siyasətçinin İcra Hakimiyyətinin önündəki əzəmətli abidəsinin önünə gələrək Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.

Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi strategiya, quruculuq xəttinin bəhrələrini Ordubad rayonunun timsalında da aydın görmək olar. Belə ki, Ulu Öndərin “Azərbaycanın incisi” adlandırdığı bölgə müstəqillik illərində on illərə bərabər inkişaf yolu keçərək müasirliyə qovuşub. Qazanılan uğurlar isə muxtar respublikamızda Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi sayəsində nail olunub. Mayın 10-da dahi rəhbərin rayon mərkəzindəki abidəsi önünə toplaşanlar dahi rəhbərin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Culfa rayonunda da yüksək səviyyədə qeyd edilib. Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatlarının rəhbərləri dahi şəxsiyyətin Culfa şəhərinin mərkəzində ucalan abidəsi önünə gələrək Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər. Culfa rayonunda da əldə olunan inkişaf dahi rəhbər Heydər Əliyev ideyalarının bəhrəsidir. Rayonda bütün sahələrin inkişafı diqqətdə saxlanılıb, yüksək nəticələr qazanılıb və qazanılmaqdadır.

Kəngərli rayonunun da idarə, müəssisə və təşkilatlarının rəhbərləri ulu öndər Heydər Əliyevin Qıvraq qəsəbəsində ucaldılmış əzəmətli abidəsini ziyarət edib, abidə önünə qərənfillər düzüb, bu böyük insana olan hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər. 18 il bundan əvvəl yaradılan Kəngərli rayonunda ötən illər ərzində mühüm infrastruktur layihələri həyata keçirilib, rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib. Gündən-günə gözəlləşən və müasirliyə qovuşan Kəngərli rayonu hazırda özünün yüksəliş və intibah dövrünü yaşayır.

Şahbuz rayonunun idarə, müəssisə və təşkilat nümayəndələri görkəmli dövlət xadimi Heydər Əliyevin rayon icra hakimiyyətinin binası qarşısında ucalan abidəsinin önünə təzə-tər qərənfillər düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Mənalı ömrü xalqa xidmət, Vətənə məhəbbət nümunəsi olan Ümummilli Liderin müdrik siyasətinin davamı olaraq həyata keçirilən tədbirlər nəticəsində simasını büsbütün dəyişən rayon təkcə muxtar respublikamızın deyil, ölkəmizin gözəl bölgələrindən birinə çevrilib.

Sədərək rayonunun idarə, müəssisə və təşkilatlarının nümayəndələri Ümummilli Liderin adını daşıyan Heydərabad qəsəbəsinin mərkəzində ucalan Ulu Öndərin büstünü ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsində Sədərək kəndi 1990-cı il avqust ayının 28-də muxtar respublikanın inzibati ərazi bölgüsünə rayon kimi daxil edilib. Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Sədərək rayonu XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən hücumlara məruz qalıb, Naxçıvanın qala qapısı sayılan bu bölgədə 1990-1993-cü illərdə ağır döyüşlər gedib. O zaman buradakı vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu təcavüzün və işğalın qarşısının alınmasında səy göstərib, öz siyasi nüfuzu, zəngin dövlətçilik və idarəetmə təcrübəsi sayəsində dünyanın diqqətini burada baş verən hadisələrə yönəldib. Ulu Öndərimizin tövsiyələrinə uyğun olaraq bu tarixi və strateji Azərbaycan rayonuna bu gün də xüsusi diqqət yetirilir. Sədərəklilər Ümummilli Liderin Sədərək rayonunun yaradılması, qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla xatırlayırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.