REGİONLAR


Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Naxçıvan, 27 fevral, AZƏRTAC

Fevralın 26-da muxtar respublikanın rayonlarında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbirlər keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şərur rayonunda keçirilən tədbirin iştirakçıları “Bahar” kinoteatrının foyesində Xocalı faciəsini əks etdirən pannonun önünə tər qərənfillər düzüblər, faciə qurbanlarının xatirəsini yad ediblər.

Sonra Xocalı soyqırımından bəhs edən sənədli filmə baxış olub.

Babək rayonunun ictimaiyyəti də Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib. Tədbir iştirakçıları Naxçıvan televiziyasının hazırladığı “Azərbaycanlıların soyqırımı” filminə baxıblar.

Ordubad rayon ictimaiyyətinin nümayəndələri Rayon Mədəniyyət Sarayının foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Ana fəryadı” portretinin önünə tər qərənfillər qoyublar. Daha sonra “Azərbaycanlıların soyqırımı” filminə baxış keçirilib.

Ordubad rayonunun ümumtəhsil məktəbləri ilə interaktiv əlaqə yaradılıb və keçilən dərs zamanı Xocalı faciəsi barədə şagirdlərə ətraflı məlumat verilib.

Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Culfa Rayon Mədəniyyət Sarayının foyesində keçirilən anım tədbirində rayon ictimaiyyəti faciə qurbanlarının xatirəsinə hazırlanmış pannonun önünə tər qərənfillər düzüb, Xocalı şəhidlərinin xatirəsini yad ediblər.

Tədbirdə Culfa şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi İradə Allahverdiyevanın “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda çıxışı dinlənilib.

Sonra Xocalı faciəsindən bəhs edən film nümayiş olunub.

Tədbir iştirakçıları məktəblilərin hazırladıqları Xocalı soyqırımından bəhs edən bədii kompozisiyaya baxıblar.

Fevralın 26-da Kəngərli Rayon Mədəniyyət Sarayında Azərbaycanın yaxın tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasim iştirakçıları Mədəniyyət Sarayının foyesində təşkil olunmuş Xocalı faciəsi qurbanlarının xatirəsini əks etdirən pannonun önünə tər çiçəklər düzüblər. Sonra tədbir iştirakçıları “Azərbaycanlıların soyqırımı” sənədli filmini izləyiblər.

Şahbuz rayonunda da xalqımızın qan yaddaşına yazılmış Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Faciənin 27-ci ildönümü ilə əlaqədar ictimaiyyət nümayəndələri Şahbuz şəhərindəki mədəniyyət sarayında Xocalı şəhidlərinin xatirəsinə həsr olunan sərginin önünə tər qərənfillər düzüblər.

Qeyd olunub ki, bu gün “Xocalıya ədalət!” şüarı altında həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər sayəsində Xocalı soyqırımı dünyanın bir çox ölkələrində tanınıb. Faciənin ildönümü ilə əlaqədar respublikamızın hər yerində silsilə tədbirlər keçirilir, sərgilər təşkil edilir, şəhidlərin xatirəsi yad olunur. Bu gün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət bütün Azərbaycan xalqının iradəsini əks etdirir.

Tədbirin sonunda iştirakçılar Xocalı faciəsinə həsr olunmuş filmə tamaşa ediblər.

Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə sərhəd bölgəsi olan Sədərək Rayon Mədəniyyət Sarayının foyesində də anım mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə vurğulanıb ki, Xocalı faciəsi bütün beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan dövlətinin Dağlıq Qarabağı özünə birləşdirmək üçün ən ağır cinayət və vəhşiliyə hazır olduğunu bir daha göstərdi. Dünya gördü ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Qeyd olunub ki, Dağlıq Qarabağda baş verən hadisələr zamanı Sədərək rayonu da hücumlara məruz qalıb. Mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə, ümumilikdə, 14 dəfə hücum edib. Həmin ağır günlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Onların və ümumilikdə, ərazi bütövlüyümüz uğrunda şəhid olan insanların xatirəsi Sədərəkdə daim uca tutulur.

Sonda Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.