REGİONLAR


Muxtar respublikanın şəhər və rayonlarında Aşura günü münasibətilə könüllü qanvermə aksiyaları olub

Naxçıvan, 11 sentyabr, AZƏRTAC

Hər il muxtar respublikada mənəvi birlik rəmzi olan Aşura mərasiminin keçirilməsi həm də dini dəyərlərin yaşadılması və təbliğinin tərkib hissəsidir. Bu il də Naxçıvan şəhərində, o cümlədən muxtar respublikamızın rayonlarında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərasimlərdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib. Naxçıvan şəhərinin Sarvanlar, Came, Pirqəmiş məscidlərində təşkil olunan mərasimlərdə iştirak edən vətəndaşlar könüllü şəkildə qan veriblər. Həkim briqadaları əvvəlcə müayinələr aparıb, sonra müvafiq qan qruplarına uyğun qan götürülüb. Qanvermə aksiyaları Şərur rayonunda 4, Babək rayonunda 5, Culfa rayonunda 2, Kəngərli rayonunda 3 məscid və kənd həkim ambulatoriyasında, Ordubad, Şahbuz və Sədərək Rayon Mərkəzi xəstəxanalarında da həyata keçirilib. Dindarlar könüllü olaraq qan veriblər. Bir neçə saat davam edən aksiyada donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək Qan Bankına təhvil verilib. Beləliklə, xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq Qan Bankında saxlanılacaq. Tədarük olunan qan və qandan hazırlanmış preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin operativ əməliyyatlarda qana ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.