REGİONLAR
Muxtariyyətin 95 illiyinə həsr olunmuş bilik yarışı davam edir
Naxçıvan, 21 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planına əsasən, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvanımızı tanıyaq” mövzusunda keçirilən bilik yarışının II turunun seçim mərhələsi başa çatıb.
AZƏRTAC –ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin “Əlincə”, 8 nömrəli tam orta məktəbin “Gəmiqaya”, 10 nömrəli tam orta məktəbin “Nuh yurdu” və Naxçıvan Qızlar Liseyinin “Araz” komandaları iştirak edib. Liseyin “Araz” komandası qalib gələrək finala vəsiqə qazanıb.
Qeyd edək ki, 6 mərhələdən ibarət olan yarış yanvar ayından başlayaraq ayda bir dəfə olmaqla, Naxçıvan şəhərindəki ümumtəhsil məktəbləri arasında keçirilməkdədir.
Final mərhələsində I, II, III və həvəsləndirici yerləri tutan qalib komandalar təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılacaqlar.