ELM VƏ TƏHSİL
Müxtəlif sistemli dillərdə tərcümə problemlərini araşdıranlar üçün dəyərli mənbə
Bakı, 18 oktyabr, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı və elmi işçisi Elnurə Hüseynovanın “Müasir türk dili: Tərcümənin linqvistik problemləri” kitabının təqdimatı olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, yeni nəşrin təqdimatı AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının iclası çərçivəsində reallaşıb. Monoqrafiyada türk dilindən Azərbaycan, rus və ingilis, eyni zamanda, Azərbaycan, rus və ingilis dillərindən türk dilinə tərcümədə qarşıya çıxan problemlərdən bəhs olunur. Kitabda müxtəlif sistemli dillərin bədii ədəbiyyat, hüquq, tibb, qəzet materiallarından istifadə olunub, həmçinin tərcümənin Türkiyədə və dünyada keçdiyi tarixi yol haqqında məlumat verilib. Monoqrafiya müxtəlif sistemli dillərdə tərcümə problemlərini araşdıranlar üçün mənbə ola bilər.
Kitabın redaktorları Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, filologiya üzrə elmlər doktoru, professor Əsgər Rəsulov və Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Roza Eyvazovadır. Əsərə Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, filologiya üzrə elmlər doktoru, professor İsmayıl Kazımov və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəmilə Rüstəmova rəy veriblər.