CƏMİYYƏT


Müxtəlif tibb müəssisələrindən olan səkkiz tibb işçisi onlayn təlim proqramında iştirak edir

Bakı, 16 iyul, AZƏRTAC 

Azərbaycan Respublikasının müxtəlif xəstəxanaları, tibb müəssisələri və qurumlarından olan səkkiz tibb işçisi “Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” məzmunlu onlayn təlim proqramında iştirak edir. Təlim proqramı Koreyanın inkişaf əməkdaşlığı üzrə nümayəndəlik agentliyi olan Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Koreyada tibb sahəsində ən böyük təhsil müəssisəsi olan Yonsei Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

KOICA-nın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, təlim proqramının hazırlanmasında məqsəd böhranın ön cəbhələrində çalışan tibb işçiləri və rəhbərlərinin COVID-19 təhlükəsinə tez və effektiv cavab vermək bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda, tibb işçilərinin öz sağlamlıqlarının qorunması üzrə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Proqram Koreyanın infeksiyaya nəzarət, pasiyentə qulluq sistemi, nümunələrin toplanması və nəqli, diaqnostik test və müalicə kimi təcrübələri də daxil olmaqla səkkiz xüsusi moduldan ibarətdir.

Təlim proqramı iyulun 27-dək davam edəcək. Təlim müddətində Yonsei Universitetinin infeksion xəstəliklər üzrə tanınmış professorları COVID-19 üçün diaqnostik test və müalicə üsulları və prosesinə dərindən toxunacaqlar. Təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqi məqsədilə əvvəlcə bütün iştirakçılar pre-test suallarını cavablandırıblar. Təlim tamamlandıqdan sonra iştirakçılar sertifikatla təltif ediləcəklər.

KOICA Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok qeyd edib ki, COVID-19 sərhədlər tanımır və koronavirus pandemiyasının Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələrdə yayılmasının qarşısının alınması və virusla mübarizə aparılması məqsədilə biz hər birimiz həmrəylik, birlik və məsuliyyət göstərməliyik: “İnanıram ki, təlim proqramı Azərbaycanda səhiyyə işçilərinin virusa yoluxma riskini azaltmağa və xəstələrin bu virusdan qorunmasına öz töhfəsini verəcək”.

Qeyd edək ki, Koreya Respublikası COVID-19 virusuna qalib gələn ilk ölkələrdən biridir. Cənubi Koreyanın COVID-19 pandemiyasına verdiyi cavab dünyanın hər yerində rəğbət qazanıb. Koreyanın virusa qarşı təsirli tədbirləri çoxsaylı testlərin götürülməsi, aktiv izləmənin həyata keçirilməsi və xəstələrin sürətli müalicəsinin aparılmasına əsaslanır. Bu model COVID-19 pandemiyasına cavab vermək üçün dünyada tətbiq edilə biləcək ən optimal modeldir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.