CƏMİYYƏT
Müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar hippoterapiya barədə məlumatlandırılıblar
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində iyunun 13-də müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün “Elite Horse & Polo Club”da maraqlı aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində reallaşdırılan silsilə tədbirlərin davamı olaraq keçirilən aksiya ARAF və “Həyat” Fondu tərəfindən təşkil edilib.
“Həyat” Fondunun fəaliyyətə başlamasının bir illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində 15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə keçirilən aksiyada serebral iflic, autizm, nevroz, Daun sindromu və bu qəbildən digər xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün hippoterapiya müalicəsi haqqında ətraflı məlumat verilib.
Aksiyaya cəlb olunan uşaqlar üçün atlarla tanışlıq, həmçinin tanınmış ulduzların iştirakı ilə konsert proqramı təşkil edilib.
Uşaqlarda psixi inkişafın əsas vasitələrindən biri olan hippoterapiya latın sözüdür, “hippo” – “at”, “terapiya” – “müalicə” deməkdir. At uşaq və ətraf aləm üçün birləşdirici vasitədir. Hippoterapiyada uşaq atla ünsiyyət saxlamağa çalışaraq onu özünə dost bilir. Bu amil isə uşaqlarda nevroloji xəstəliklərin müalicəsində mühüm əhəmiyyət kəsb edir. Uşaq at minən zaman təhlükəsiz hesab etdiyi daxili aləmində qalmaqla bərabər, ətraf mühitlə əlaqə saxlamağa məcbur olur. Hippoterapiyanın unikallığı həm fiziki, həm də psixi-emosional baxımından faydalı olmasındadır. At terapiyası ətraf mühitlə harmonik münasibətlərin qurulmasına köməklik göstərir, motivasiyanı artırır, yaddaşı gücləndirir, eyni zamanda, diqqəti toplamağa köməklik edir. Hərəkətlərin ardıcıllığını planlaşdırmaq məcburiyyəti psixi prosesləri aktivləşdirir.
Sosial mühitə adaptasiya baxımından da hippoterapiya əvəzsizdir. Çəkingən, eləcə də autizmli uşaqlar atla ünsiyyətdən sonra sosiallaşmağa başlayırlar. Hippoterapiyanın özəlliklərindən biri də odur ki, pasiyent fiziki mənada ağrı çəkmir. Üstəlik, uşaqlar müalicə olunduqlarını başa düşmürlər. Onlar atla ünsiyyət qurmağa çalışırlar, bu isə istənilən nəticənin daha tez əldə edilməsinə kömək edir.