REGİONLAR
Müzadil Həsənov: II Milli Yaylaq Festivalı ilk gündən həm yerli həm də xarici turistlər tərəfindən maraqla qarşılanıb
Göygöl, 29 iyul, Elcan Məmmədov, AZƏRTAC
İyulun 29-da Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə II Milli Yaylaq Festivalı başlayıb. Festivalın ilk günündə türk dünyasının və Avropa ölkələrinin rəğbətini qazanan, Qazaxıstanın orijinal musiqi kollektivlərindən olan “Turan” etnoqrafik folklor ansamblı çıxış edəcək. II Milli Yaylaq Festivalı ilk gündən həm yerli, həm xarici turistlər tərəfindən maraqla qarşılanıb.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, II Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov deyib.
O bildirib ki, festivalda 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edir.
“Hazırda II Milli Yaylaq Festivalının keçirildiyi etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər müxtəlif mövzulu sahələr qurularaq qonaqların ixtiyarına verilib.