İQTİSADİYYAT
Muzdla çalışan işçilərin sayı və əməkhaqqı açıqlanıb
Bakı, 12 iyun, AZƏRTAC
Bu il mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1538,2 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 887,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 651,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,6 faizi təhsil, 19,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,7 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 538,8 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.