İQTİSADİYYAT
Muzdla işləyənlərin 911,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda çalışıb
Bakı, 25 mart, AZƏRTAC
Cari il fevralın 1-nə muzdla işləyənlərin sayı 1 milyon 641 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,9 min nəfər, qeyri-dövlət sektorunda isə 729,1 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 34,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1606,3 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,2 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Yanvarda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 143,5 saat təşkil edib.