SİYASƏT


Müzəffər Ali Baş Komandan işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərini başlatdı

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Dövlətimizin başçısının bu səfəri Müzəffər Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür.

Aydındır ki, düşmən qoşunlarının Azərbaycan ərazisindən hələ tam çıxarılmadığı bir vaxtda erməni irticaçılarından hər cür təxribat gözləmək olar. Bununla belə, Müzəffər Ali Baş Komandan bütün riskləri gözə alaraq birinci xanımla birlikdə möhtəşəm Qələbəmizin sevincini bir daha azad olunmuş ərazilərdə öz xalqı ilə paylaşmaq üçün bu addımı atdı. Budur, əsl iqtidar-xalq birliyi! Budur, Azərbaycan xalqının öz Prezidentinə, öz dövlətinə sonsuz sevgisinin səbəbi!

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev söyləyib.

Səttar Möhbalıyev deyib: “Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev Şuşa şəhərinə yolun çəkilişi ilə bağlı göstəriş verib. Artıq Füzuli rayonundan Şuşaya gedən bu yolun inşasına start verilib. Çox qürurverici haldır ki, işğaldan azad edilmiş torpaqlarımızda icrasına başlanmış ilk layihə məhz Füzuli–Şuşa yolunun tikintisi olacaq. Əlbəttə ki, bu yolun müstəsna əhəmiyyəti var. Çünki Şuşa bizim göz bəbəyimiz, qürur mənbəyimizdir. Dövlətimizin başçısı Füzuli rayonunda çıxışında dediyi kimi: “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Deputat bildirib ki, Füzuli–Şuşa yolunun inşasına başlanması həm də Azərbaycan xalqının və Azərbaycan Prezidentinin yaradıcı ruhunun parlaq təzahürüdür. Otuz il ərzində bu torpaqları işğal altında saxlayan ermənilər həmin ərazilərdə bir quruculuq işinə də imza atmamış, yalnız dağıtmaq, viran qoymaq və talan etməklə məşğul olmuşlar. Həmçinin Füzuli rayonuna gedən yolun ətrafında yerləşən kəndlərdə, bir vaxtlar həyat qaynayan bu ərazilərdə də öz dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan edilib. Onlar daşı-daş üstündə qoymayıblar. Budur, erməni xislətinin mahiyyəti! Lakin Azərbaycan xalqına bu xüsusiyyətlər yaddır. Azərbaycan yalnız quruculuq, sülh və əmin-amanlıq mücəssəməsidir. Budur, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün sonra artıq Müzəffər Ali Baş Komandanın ayaq basdığı yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Dövlətimizin başçısı da qeyd etdiyi kimi, bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.

“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərləri zamanı baş vermiş ən önəmli hadisələrdən biri də dövlətimizin başçısının Füzuli şəhərində, Xudafərin körpüsündə və Cəbrayıl şəhərində şanlı Azərbaycan bayrağını qaldırması oldu. Heç şübhəsiz, bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı. Bəli, Vətən torpaqlarının 30 ildən artıq davam edən işğalına son qoyuldu, Azərbaycan tarixi ədaləti bərpa etdi.

Eşq olsun şanlı Azərbaycan Ordusuna! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Eşq olsun Azərbaycan xalqına!”, - deyə S.Möhbalıyev fikirlərini tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.