ELM VƏ TƏHSİL
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə müharibə cəbhəsində qazanılan qələbəmiz siyasi müstəvidə də öz təsdiqini tapdı
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycanın noyabrın 10-da qazandığı qələbə bir günün bəhrəsi deyil. İllər boyunca bu qələbə üçün zəmin hazırlanırdı. Azərbaycanın həm daxili, həm də xarici siyasətində torpaqlarımızın işğaldan azad olunması istiqamətində mühüm addımlar atılırdı. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova deyib.
O bildirib ki, Azərbaycan öz tarixi torpaqlarını sülh yolu ilə işğaldan azad etmək tərəfdarı olsa da, Ermənistan buna imkan vermirdi: “Düşmən sülh danışıqlarına getmək əvəzinə daim təxribatlara əl atırdı. Sentyabrın 27-də Ermənistanın növbəti təxribatına Azərbaycan Ordusu əks-hücumla cavab verdi. Xalqımızın səbri tükənmişdi artıq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz əks-hücum əməliyyatları ilə torpaqlarımızı addım-addım düşmən işğalından azad etdi. Qırx dörd gün davam edən Vətən müharibəsində cəbhədə qazanılan qələbəmiz Prezident İlham Əliyevin qətiyyəti, iradəsi, mətinliyi ilə siyasi müstəvidə də öz təsdiqini tapdı.
“Azərbaycanı bu möhtəşəm qələbəyə qovuşduran Müzəffər Ali Baş Komandanın qətiyyətli addımları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi oldu. Qazandığımız bu qələbə, həmçinin gəncliyimizə örnək oldu. Onlar gördülər ki, Prezidentin ətrafında bir yumruq kimi birləşən xalq yenilməzdir”, - deyə Ramella Məmmədova qeyd edib.