SİYASƏT


Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri Qarabağın əsl sahibinin kim olduğunu bütün dünyaya bir daha göstərdi

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad olunmuş mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. İlk növbədə, qeyd olunmalıdır ki, dövlətimizin başçısının indiyədək işğaldan azad edilmiş digər rayon və şəhərlərimizə səfərləri kimi, Şuşa səfəri də Müzəffər Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa bağlılığının daha bir təcəssümüdür. Eyni zamanda, yanvarın 11-də keçirilmiş Moskva görüşündən sonra Şuşaya səfər etməsi Qarabağın əsl sahibinin kim olduğu ilə bağlı bütün dünyaya ünvanlanmış növbəti mesaj kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycan ərazilərini 30 il işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul olublar. Lakin Prezident İlham Əliyev də öz çıxışında qeyd etdiyi kimi, onlar bütün bu müddət ərzində bu torpaqlarda bir daşı belə daş üstünə qoymadılar. Əksinə, uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez buralardan qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Əlbəttə ki, torpağın əsl sahibi belə etmir. Torpağın əsl sahibi həmin torpaqda yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələcəyini təmin etmək üçün iş görür. Necə ki, Prezident İlham Əliyev Şuşa şəhərinə səfərindən öncə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu. Dövlətimizin başçısı dedi ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.

Budur torpağın əsl sahibinin yanaşma tərzi! Dövlətimizin başçısı, sadəcə, yol çəkilişi, infrastruktur layihələrinin icrası barədə göstərişlər verməklə kifayətlənmir. Ən xırda məqamlar, ən kiçik incəliklər belə Prezident İlham Əliyevin diqqətindən yayınmır.

Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatmasından cəmi iki ay keçməsinə baxmayaraq, artıq torpaqlarımıza Böyük Qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən Prezident tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. Böyük qürur doğuran önəmli məqamlardan biri də Şuşanın işğalı zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün erməni vandalları tərəfindən güllələnmiş və sonradan ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Bakıya gətirilmiş büstlərinin Şuşadakı əvvəlki yerlərinə qoyulmasıdır. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri də artıq reallığa çevrilib.

Ümumiyyətlə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə bütün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Bu reallıqlardan ən önəmlisi də odur ki, Azərbaycan xalqı artıq öz torpaqlarına qayıdıb və bu qayıdış əbədidir. Bu reallıqla barışmaq istəməyən, hələ də tarixin təkərini geri döndərmək kimi boş ümidlərdən əl çəkməyən ünsürlərə ən gözəl cavabı Prezident İlham Əliyev müqəddəs üçrəngli bayrağımızı qaldırdığı Şuşa şəhərindəki çıxışlarında verdi: “Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik. Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar”.

Prezident İlham Əliyev dediyi kimi, Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.