ELM VƏ TƏHSİL
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız sarsılmaz iradəsini dünyaya nümayiş etdirdi
Bakı, 10 noyabr, AZƏRTAC
Bu günlərdə Azərbaycan xalqı tarixinin ən unudulmaz və şanlı günlərini yaşayır. Ərazilərimiz üzərində suverenliyimiz bərpa edilir, yurd-yuvasından didərgin salınan yüz minlərlə soydaşımız əzəli dədə-baba torpaqlarına geri dönməyə hazırlaşır. Otuz ilə yaxındır bu günün həsrəti ilə yaşadığımız üçün hazırda hisslərimizin ifadəsi qələbənin əzəməti qarşısında acizdir. Heç bir söz duyğularımızı ifadə etməyə yetmir. Artıq hamı əmindir ki, söndürülən isti ocaqlarımız yenidən yanacaq, itirilən ümidlərimiz və uşaqlıq xəyallarımız yenidən canlanacaq. Bu artıq gerçəkliyimizdir, Azərbaycan xalqı bunu dərk edir və bunun verdiyi sonsuz sevinc və fəxarət hissini yaşayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasnda Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədov deyib. O bildirib ki, bu gün həm torpaqlarımızın, həm də mənəvi birliyimizin bütövləşməsinin təntənəsidir: “Son 44 gündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz maraqları uğrunda birlik əzmini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bunun üçün şanlı ordumuzun igid əsgərlərinə, Vətən üçün canından keçən şəhidlərimizə və arxa cəbhədə fədakarlıq edən hər bir vətən övladına borcluyuq. Canları və qanları bahasına böyük Azərbaycan xalqına zəfər sevinci yaşadan, Vətən uğurunda canlarından keçən bütün şəhidlərimizin ruhları qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Yaşasın Müzəffər Ali Baş Komandan və şanlı Azərbaycan ordusu!”.