MƏDƏNİYYƏT


Muzey Mərkəzində “Xalq teatrları peşəkar səhnənin beşiyidir” adlı konfrans keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mütəmadi olaraq respublika mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların nəzdində fəaliyyət göstərən xalq teatrlarının festivalı keçirilir. Belə festivallardan biri də iyunun 25-də baş tutub.

AZƏRTAC xəbər verir ki, Muzey Mərkəzində keçirilmiş III Respublika Xalq Teatrlarının festivalı çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Azərbaycan teatr ənənələrinin qorunması və inkişafına dəstək göstərilməsi, teatr sahəsində müasir beynəlxalq tendensiyaların öyrənilməsi və tətbiqi, peşəkar teatr üçün baza rolunu oynayan xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin stimullaşdırılması, gənc nəslin bu sahəyə marağının artırılması məqsədilə “Xalq teatrları peşəkar səhnənin beşiyidir” adlı konfrans təşkil olunub.

“Xalq teatrlarına dövlət qayğısı” və “Xalq teatrlarının perspektivi” adlı panellərdən ibarət olan konfransın məqsədi regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi, sahə üzrə mövcud problemlərin həlli yollarının müzakirəsi, eksperimentlər yolu ilə yeni formatların axtarılıb tapılmasıdır.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun iştirakı ilə keçirilmiş konfransda Xaçmaz Regional Mədəniyyət İdarələrinin rəisi Nazim Ağayev, Şəki, Sabirabad, Bərdə Regional Mədəniyyət idarələrinin rəisləri, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, teatr və kino aktyoru, Xalq artisti, Fərdi Prezident təqaüdçüsü, III dərəcəli Əmək ordenli Tariyel Qasımov, AMEA-nın Folklor İnstitutu, Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq elmləri doktoru, Bakı Musiqi Akademiyasının professoru Nailə Rəhimbəyli çıxış ediblər.

Konfransda, həmçinin Mərkəzin əməkdaşı Hikmət Nəbili “Azərbaycan teatrının tarixi və inkişafı”, Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayon üzrə nümayəndəsi Fizzə Mahmudova “Zaqatala xalq teatrının rayonun mədəni həyatında rolu”, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Zaqatala rayon üzrə tarixi abidələrin mühafizəçisi, Xalq teatrının üzvü Müqəddəs Yekəyev “Xalq teatrlarının gənclərin estetik tərbiyəsində rolu”, Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin metodisti, Xalq teatrının bədii rəhbəri İlham Tağızadə “Xalq teatrlarımız zamanın axarında”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov “Xalq özfəaliyyət teatrının milli teatr prosesinə təsir parametrləri”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini mətbuat katibi, Teatrşünaslıq kafedrasının müəllimi, teatro.az sənət portalının həmtəsisçisi və baş redaktoru Elçin Cəfərov “Xalq teatrları müasir mədəniyyət prosesi kontekstində: problemlər və perspektivlər”, Zaqatala Rayon Mədəniyyət Mərkəzinin rejissoru, Xalq teatrının bədii rəhbəri Bayram Qurbanov “Xalq teatrları və onların yaradıcılıq yolu” mövzularında çıxış ediblər.

Çıxışlarda Xalq teatrlarının bölgələrdəki mədəni həyata təsiri, istedadlı aktyorların yetişməsi üçün oynadığı rol önə çəkilərək, peşəkar teatrlar üçün baza kimi əhəmiyyəti vurğulanıb. İstər gənc istedadların üzə çıxarılması, istər əhalinin mədəni istirahətinin təşkili, istərsə də maarifçilik işlərinin həyata keçirilməsində Xalq teatrlarının üzərinə düşən vəzifə xüsusilə vurğulanıb.

Çıxışlar zamanı Xalq teatrlarının təbliğat maşınının yaxşı işləməli olması, yeni formatlı, eksperimental tamaşaların qurulması, gənc istedadlı və cəsarətli rejissorlardan istifadəsi önə çəkilib.

Sonda mövzu ətrafında geniş diskussiya aparılıb, iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.