MƏDƏNİYYƏT


Muzey Mərkəzində görkəmli heykəltəraş Münəvvər Rzayevanın xatirəsi anılıb

Bakı, 12 aprel, AZƏRTAC

Aprelin 12-si Muzey Mərkəzində Azərbaycanın görkəmli qadın rəssamı və ilk monumentalçı heykəltəraşı, Əməkdar rəssamı Münəvvər Rzayevanın anadan olmasının 90 illiyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan qalereyanın direktoru Qalib Qasımov Münəvvər Rzayevanın əsərlərinin əhatəsində böyüdüyünü bildirib. Azərbaycanın çox dəyərli heykəltəraşlarından olan Münəvvər Rzayevanın yaradıcılığının hər zaman ictimaiyyətin gözü qarşısında olduğunu söyləyib.

Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir çıxış edərək deyib: “Onunla ötən əsrin 80-ci illərdən tanışam və emalatxanasında olmuşam. İctimai televiziyanın “Yadigarlar” verilişinin bir buraxılışı da Münəvvər Rzayevaya həsr olunub. Onun zəngin tərcümanı-halı Moskvada oxuduğu tələbəlik illərindən başlayıb. O, Moskvada olarkən gündəlik yazıb və düşünürük ki, onu çap etdirsək çox maraqlı olar. Onun 100-dən çox monumental əsəri var. O, yazıçıların, şairlərin obrazını yaratmağı xoşlayırdı. Hər hansı bir tanınmış insanın obrazını yaratmazdan əvvəl onun əsərlərini oxuyurdu, materiallar toplayırdı. Yaxşı olar ki, onun gündəlikləri çap olunsun, çünki burada görkəmli ədəbiyyat, mədəniyyət xadimləri haqda dəyərli məlumatlar var”.

Qeyd edilib ki, Münəvvər Rzayeva 1929-cu il iyunun 6-da Bakıda anadan olub. O, 1946-1950-ci illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1950-1956-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsində təhsil alıb.

Psixoloji portret ustası kimi tanınan Münəvvər Rzayeva heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırlayıb.

Heykəltəraş tanınmış sənət adamlarının, dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəl, büst barelyeflərini işləyib. Münəvvər Rzayevanın heykəllərində hər bir detal obrazın ümumi ideyasının açılmasında mühüm rol oynayır. Onun işlədiyi Nigar Rəfibəylinin (Gəncə, bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Sergey Yeseninin (Mərdəkandakı muzeyində), Məhsəti Gəncəvinin (Ədəbiyyat muzeyində) heykəlləri öz emosionallığı ilə fərqlənir.

Diqqətə çatdırılıb ki, Münəvvər Rzayeva Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəl və büstün müəllifidir.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Münəvvər Rzayevanın qızı Zemfira Mirqədirova çıxışında anası ilə bağlı xatirələrini bölüşüb.

Tədbirdə musiqi nömrələri təqdim olunub və heykəltəraşın əsərlərinin videogörüntülərindən ibarət slaydşou göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.