MƏDƏNİYYƏT


Klassik vokalçıların ümumrespublika festivalının iştirakçıları ilə görüş keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində klassik vokalçıların ümumrespublika festivalının iştirakçıları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən il reallaşan festivalın məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı, təbliği və gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova yeni ilin ilk tədbirinin vokal musiqisinə həsr olunmasından məmnun olduğunu bildirib. Bildirib ki, Azərbaycanda ilk dəfə keçirilən festivalı çərçivəsində “Azərbaycan opera ifaçılığı antologiyası”nın təqdimat mərasimi olub. Qeyd edilib ki, soprano və mezzo-soprano səslər üçün nəzərdə tutulmuş antologiyanın ideya müəllifi, tərtibatçısı Əməkdar artist İnarə Babayeva və elmi redaktor Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovadır.

Əməkdar artist İnarə Babayeva festivalın əhəmiyyəti və yeni nəşrlə bağlı fikirlərini bölüşüb. O, kitabın elmi əhəmiyyətini vurğulayaraq, tədris metodikasında da antologiyanın önəmli olduğunu qeyd edib.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Xalq artisti Gülnaz İsmayılova, vokalçılar Şaban Cəfərov, Nina Makarova, Taleh Yəhyayev və digərləri Azərbaycan və dünyaya bəstəkarlarının klassik əsərlərini səsləndiriblər.

Xatırladaq ki, ötən il dekabrın 17-dən 24-dək davam edən festival Azərbaycan “Mədəniyyət” kanalının layihəsi əsasında təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.